Avstraliya 19 ölkənin iştirakı ilə indiyədək keçirilmiş ən irimiqyaslı hərbi təliminə start verib.
“Talisman Saber 2025” adlı bu beynəlxalq təlimə 35 mindən çox hərbçi cəlb olunub. Avstraliya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, təlimlər iyulun 13-də Adelaide təyyarədaşıyan gəmisində keçirilən rəsmi mərasimlə başlanıb.
Birgə əməliyyatlar üzrə rəis, vitse-admiral Castin Cons qeyd edib ki, təlimlər yalnız dəniz, quru və hava deyil, həm də kosmos və kiberməkanda həyata keçiriləcək. Təlimin məqsədi müxtəlif ssenarilər üzrə çoxmillətli qüvvələrin qarşılıqlı fəaliyyətini gücləndirməkdir.
İki ildən bir Avstraliya və ABŞ tərəfindən təşkil olunan bu təlimə bu il ABŞ, Kanada, Fici, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Filippin, Norveç, Papua Yeni Qvineya, Cənubi Koreya, Sinqapur, Tayland, Tonqa və Böyük Britaniyadan qoşunlar qatılıb.
Üç həftə davam edəcək manevrlər Kvinslend, Yeni Cənubi Uels, Qərbi Avstraliya, Şimal Ərazisi və Milad adasında baş tutacaq. Təlim proqramına canlı atəş sınaqları, səhra və qoşun hazırlığı, amfibiya hücumları, yerüstü manevrlər, hava döyüşləri və dəniz əməliyyatları daxildir./Globalinfo.az