FİFA prezidenti Canni İnfantino 211 milli futbol federasiyasının rəhbərlərinə təşkilat üçün yeni kommersiya strukturunun yaradılmasını dəstəkləməyə çağıran məktub göndərib və imtina edəcəkləri təqdirdə əhəmiyyətli ödənişləri dayandırmaqla hədələyib.
Referans Media xəbər verir ki, bu iddia ilə bir neçə Britaniya media orqanı çıxış edib.
İyulun 28-də FİFA-nın kommersiya hüquqlarını və Dünya Kuboklarının və digər böyük turnirlərin təşkilini idarə etmək üçün yeni bir törəmə şirkət olan “FIFA Forward Enterprises” yaratmağı planlaşdırdığı açıqlandı. Turnir hüquqlarının 20-30 faizi xarici investorlara satıla bilər ki, bu da FİFA-nın gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq .
İnfantinonun məktubunda bildirilir ki, təşəbbüs səslərin sadə əksəriyyəti (50 faizdən çox) ilə dəstəklənərsə, hər bir milli federasiya üçün maliyyələşdirmə 2027-2031-ci illər dövrü üçün 8 milyon dollardan 20 milyon dollara, 2035-2038-ci illər dövrü üçün isə 24 milyon dollara qədər artacaq.
Məktubda daha sonra xəbərdarlıq edilir ki, səsvermə baş tutmazsa, 2027-31-ci illər dövrü üçün maliyyələşdirmə cəmi 10 milyon dollar olacaq.
FİFA prezidenti üzv assosiasiyalara öz mövqelərini bildirmək üçün 53 gün (19 sentyabra qədər) vaxt verib. Bu müddətə qədər lehinə səs verən federasiyalar əlavə 20 milyon dollar məbləğində birdəfəlik ödəniş alacaqlar.
Xarici investorlarla bağlanan müqaviləyə qarşı çıxan mənbələr İnfantinonun maliyyələşdirməni artırmaq təklifini “təmiz rüşvət” adlandırıblar.
UEFA FİFA-nı oyunun “ruhunu” satmağa çalışmaqda günahlandırdı və Avropanın yüksək vəzifəli futbol rəsmiləri artıq turnirləri boykot etmək ehtimalını müzakirə edirlər.
Dünyanın bir çox kiçik ölkələri milli komandalarını dəstəkləmək, uzunmüddətli kütləvi layihələr inkişaf etdirmək və meydançalar, akademiyalar və stadionlar kimi infrastruktura investisiya qoymaq üçün FİFA-nın maliyyələşdirməsindən daha çox asılıdırlar. 2026-cı il Dünya Kubokundan əvvəl İnfantino iddia edirdi ki, “FIFA olmasaydı , 150 ölkədə ümumiyyətlə futbol olmazdı”./Publika.az
