Gürcüstan hökuməti ali təhsilin müddətini 6 ildən 4 ilə endirməyə qərar verib. Yeni modelə görə, bakalavr təhsili 3, magistratura isə 1 il olacaq. Türkiyədə də oxşar islahat ideyası artıq gündəmə gətirilib. Bununla da ali təhsil sisteminin daha çevik və praktik əsasda qurulması müzakirə olunur.
Bəs Azərbaycanda bu mümkündürmü? Hazırda ölkədə bakalavr təhsili 4, magistratura isə 2 il davam edir. Təhsil sistemində dəyişikliklər edilərsə, bu, təhsilin keyfiyyətinə necə təsir göstərə bilər? Əgər müddət qısaldılsa, proqramlar sıxlaşdırılmalıdırmı, yoxsa daha çevik və praktik modellərə keçid lazımdır?
Referans.az xəbər verir ki , təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Publika.az-ın suallarını cavablandırdı.
Ekspert ilk növbədə qeyd etdi ki, ali təhsil müddətinin qısaldılması ideyası sadəcə formal islahat deyil, təhsil sisteminin çevikliyini və əmək bazarına uyğunluğunu artırmaq üçün strateji addımdır:
“Gürcüstanın 6 illik ali təhsil modelini 4 ilə endirməsi və Türkiyədə də bu istiqamətdə müzakirələrin başlaması göstərir ki, region ölkələri artıq “diplom müddəti” yox, “tədris məzmunu” üzərində düşünür. Bu qərar Bolonya sisteminə və Avropa ali təhsil məkanının əsas prinsiplərinə tam uyğundur. Çünki əksər ölkələrdə bakalavr təhsili 3, magistratura 1-2 ildir”.
