Azərbaycanda saat hesabı ilə iş sisteminin tətbiqini nəzərdə tutan yeni qanun layihəsi əmək bazarında ciddi dəyişikliklər vəd edir. Ekspertlər hesab edir ki, bu model həm əlavə qazanc imkanları yarada, həm də müəyyən sosial risklər formalaşdıra bilər. Xüsusilə işçilərin sosial müdafiəsi, daimi iş yerlərinin qorunması və işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi əsas müzakirə mövzularındandır.
Mövzu ilə bağlı Referans Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, saat hesabı iş sistemi mütərəqqi addımdır və dünyada mövcud olan modelin Azərbaycana gətirilməsi beynəlxalq təcrübədən bəhrələnmə faktıdır:
“Bu addım alqışlanmalıdır və vacibdir. Xüsusilə pərakəndə fəaliyyətin üstünlük təşkil etdiyi sahələrin inkişafı üçün ciddi əsaslar yaradacaq. Kənd təsərrüfatı, tikinti, logistika, poçt, sərnişin daşımaları və digər istiqamətlərdə inkişaf gözlənilir. Bu da əlavə gəlir əldə etmək istəyən şəxslərin işlə təmin olunmasına imkan yaradacaq”, – deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, qanunvericilikdə boşluqların buraxılmaması xüsusi əhəmiyyət daşıyır:
“Saat hesabı işləyən şəxslərin gələcək pensiya dövründə həmin əmək fəaliyyətinin nəzərə alınıb-alınmaması ciddi məsələdir. Onların sosial müdafiəsi dövlət tərəfindən müəssisələrin qarşısında ciddi şəkildə qaldırılmalıdır”.
Vüqar Oruc bildirib ki, yeni sistem bəzi risklər də yarada bilər:
“Əlavə gəlir üçün saat hesabı çalışan şəxslərin işə cəlb olunması bəzi hallarda daimi çalışan mütəxəssislərin iş yerlərini itirməsinə və ya sosial müdafiəsində problemlərin yaranmasına səbəb ola bilər. Ona görə də yeni sistem tətbiq edilməzdən əvvəl bütün nüanslar dəqiqləşdirilməlidir”.
O vurğulayıb ki, işəgötürənlərin bu sistemi sui-istifadə vasitəsinə çevirməsinin qarşısı alınmalıdır:
“Azərbaycanda bəzi işəgötürənlər əsas işçi qüvvəsinə təzyiq edə bilər ki, əlavə saat işləmək istəyən çox insan var və onları əvəz etmək mümkündür. Buna görə müəssisələr üçün konkret kriteriyalar müəyyən edilməlidir. Məsələn, minimum işçi bazası saxlanıldıqdan sonra əlavə iş yükü yaranarsa, yalnız həmin halda saat hesabı işçilərin cəlb olunmasına imkan verilməlidir”.
Ekspert hesab edir ki, əsas məqsəd daimi iş yerlərinin qorunması olmalıdır:
“Əsas iş yerlərində çalışan insanların işlərini itirməsinə səbəb olacaq addımların qarşısı alınmalıdır. Elə bir sistem qurulmalıdır ki, həm işəgötürənin, həm əsas işçi qüvvəsinin, həm də saat hesabı çalışan şəxslərin hüquq və vəzifələri dəqiq müəyyənləşdirilsin”.
Vüqar Orucun fikrincə, sistem düzgün tənzimlənərsə, həm əmək bazarı, həm vətəndaşlar, həm də ölkə iqtisadiyyatı üçün müsbət nəticələr verə bilər
Gülnaz Abdullazadə
