Son günlər Bakıətrafı qəsəbələrdə su və işıq təminatında ciddi nasazlıqlar müşahidə olunur. Xüsusilə isti yay günlərində fasilələrlə verilən içməli su və tez-tez baş verən elektrik kəsintiləri sakinlərin gündəlik həyatına mənfi təsir göstərir. Problem əsasən Binə, Hövsan, Sabunçu və Sulutəpə kimi yaşayış məntəqələrində özünü daha qabarıq şəkildə göstərir. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan aydın və davamlı həll yolları gözləyir.
Sözügedən sahədə problemlərin həlli üçün hansı addımlar atılmalıdır? Bu sahədə özəlləşmə effektiv ola bilərmi?
Milli Məclisin deputatı Fazil Mustafa Referans-a açıqlamasın bu sualları cavablandırıb.
“Əvvəllər bu istiqamətdə müəyyən qədər sabitləşmə mövcud idi. İndi isə həqiqətən də problemlər yaranır. Bunun da müəyyən dərəcədə təhlil olunmasına, səbəbinin tapılmasına ehtiyac var. İndi müasir dövrdür və bu məsələlər bu formada aktuallaşmamalı idi. Son 7-8 ildə bu istiqamətdə şikayətlər də azalmışdı amma hazırda yenidən bu şikayətlər artmağa başlayıb. Buna görə də bu sahədə məsələlərin mütləq şəkildə təhlil edilməsinə ehtiyac var. Təkcə təhlillə qalmaq olmaz, təbii ki, səbəb nədirsə aydınlaşdırılmalı və tez bir zamanda aradan qaldırılmasına çalışmaq lazımdır”.
Deputat bildirib ki, Azərbaycanda sözügedən sahədə özəlləşmənin tətbiq edilməsi müəyyən səbəblərdən effektiv olmaya bilər.
“Açığı, özəlləşmə ilə məsələnin düzələcəyini düşünmürəm. Özəlləşmə iə daha keyfiyyətli xidmətin təmin olunacağına əmin ola bilmərik. İstər su, istərsə də elektrik sahəsində çox böyük islahatlar aparılıb. Məncə, elə bu formada da məsələləri yoluna qoymaq mümkündür. Yəqin ki, artıq müvafiq qurumlar bu məsələ ilə bağlı narahatlıqları aradan qaldırmağa başlayıblar”.
Fidan Vəlisoy
