Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması və Naxçıvanın daxili işlərinin tənzimlənməsi baxımından mühüm addım hesab olunur.
Referans Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə bildirib ki, 1990-cı illərdə bu addımlar vacib idi. Çünki Azərbaycanla Naxçıvan arasındakı əlaqələr Ermənistanın işğalı nəticəsində itmişdi və eyni zamanda Ermənistan Naxçıvan torpağının onların olduğunu iddia edirdi. Bu səbəbdən iki böyük dövlətin həmin ərazinin Azərbaycan torpağı olduğunu və toxunulmazlığını təsdiq edən imzaları Naxçıvan Konstitusiyasına daxil edilmişdi.
Deputat vurğulayıb ki, artıq şərait dəyişib, Azərbaycan ərazi bütövlüyünü təmin edib və dünya Azərbaycanı tanıyır. Naxçıvan artıq Azərbaycanın daxili məsələsi, muxtar bölgəsi kimi fəaliyyət göstərir. Muxtariyyət yalnız ərazinin Azərbaycanın əsas hissəsindən bir qədər kənarda olması ilə bağlıdır. Hazırda Naxçıvanın təhlükəsizliyi və toxunulmazlığı tam şəkildə Azərbaycan tərəfindən təmin olunur.
Aydın Mirzəzadə əlavə edib ki, əvvəllər Naxçıvan Azərbaycanın tərkib hissəsi olsa da, orada Azərbaycan qanunları və Konstitusiyası işləyirdi. Yeni şəraitdə əlbəttə ki, yeniliklərə ehtiyac var və bu baxımdan Naxçıvanın Azərbaycanın daxili hüququnda rolu və mövqeyi daha da güclənib.
Gülnaz Abdullazadə
