Strateji tərəfdaşlıq strateji müttəfiqliyə çevriləcək?
Xəbər verildiyi kimi, dekabrın 19-da Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında iclas barədə məlumat paylaşılıb.
“Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər. Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”, – deyə səfirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan və ABŞ arasında münasibətlər 1990-cı illərin əvvəllərindən başlayaraq müxtəlif mərhələlərdən keçib. Lakin 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətlərdə strateji tərəfdaşlıq dövrünü açıb. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edir:
– Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;
– Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;
– Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.
Bakı ilə Vaşinqton arasında inkişaf edən bu dinamika strateji müttəfiqlik səviyyəsinə yüksələ bilərmi, yoxsa yalnız periodik xarakter daşıyır və post-Tramp dövründə yenidən münasibətlər qürub çağını yaşaya bilər? Səfirliyin yaydığı məlumatdan irəli gələrək sual yaranır: ABŞ Azərbaycanın zəngin iqtisadi potensialından necə yararlanmağı nəzərdə tutur?
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, ABŞ artıq başa düşür ki, Azərbaycanla əlaqələri zəiflətmək regionu Rusiyaya və ya digər güclərə açmaq deməkdir: “Bu isə Vaşinqtonun strateji maraqlarına ziddir. Ona görə də yaxın dövrdə strateji tərəfdaşlıq dərinləşəcək. Hərbi-siyasi müttəfiqlikdən danışmaq üçün isə hələ tezdir. Bakı-Vaşinqton xətti emosional yaxınlaşma yox, rasional maraqlar üzərində qurulub. Bu da onu qısaömürlü deyil, amma tam müttəfiqlikdən fərqli, praqmatik strateji tərəfdaşlıq modelinə çevirir.
Azərbaycanın zəngin iqtisadi potensialından ABŞ-nin necə yararlanmağı nəzərdə tutduğuna gəlincə, burada bir neçə istiqamət mövcuddur. Qarşıda ABŞ-nin TRIP yolu adlandırdığı Zəngəzur dəhlizinin açılması dayanır ki, bu dəhlizin gətirəcəyi iqtisadi dİvidentlər barədə kifayət qədər danışmaq mümkündür”.
Deputat hesab edir ki, ABŞ-Azərbaycan münasibətlərin “qürub çağına” girə biləcəyi ehtimalı bu gün yoxdur: “Amma post-Tramp dövründə hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olaraq ritorik soyuma, təmasların zəifləməsi, Konqres xəttindən təzyiqlər mümkündür. Trampın zamanında isə bunlar gözlənilən deyil. Əksinə, münasibətlər get-gedə daha da yüksələn xətt üzrə inkişaf edir”.






















