Bakıda skuter xaosu: Onlar üçün də ayrıca zolaq olacaq?

Elektrikli skuterlər son illər şəhər nəqliyyatının ən sürətlə yayılan mikromobillik vasitələrindən birinə çevrilib. 

Xüsusilə böyük şəhərlərdə onların istifadəsi həm rahatlıq, həm də çeviklik baxımından üstünlük yaradır. Lakin bu artım şəhər infrastrukturunun və mövcud qaydaların bu yeni nəqliyyat növünə nə dərəcədə uyğunlaşdığı sualını da gündəmə gətirir. 

Piyada səkiləri, avtomobil yolları və velosiped zolaqları arasında yaranan qarşılıqlı hərəkət isə bəzən təhlükəsizlik risklərini daha da artırır. Bu şəraitdə həm qanunvericilik, həm də yol infrastrukturu baxımından görülən tədbirlərin kifayət edib-etməməsi xüsusi aktuallıq qazanır. 

Bəs mövcud qaydalar elektrikli skuterlərin təhlükəsiz və səmərəli istifadəsini təmin etmək üçün yetərlidirmi? 

Referans Media  xəbər verir ki ,Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, skuterlərlə bağlı ölkəmizdə mövcud təhlükəsizlik qaydaları, mexanizmləri artıq hazırlanıb və həm “Yol hərəkəti haqqında” Qanunda, həm də İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb:

 

“Elektrikli skuterlərin istifadəsi, icarəsi və istismarı ilə bağlı qayda və qanunlar qəbul edilib. Hər bir belə nəqliyyat vasitəsini idarə edən şəxs - istər gənc olsun, istərsə də yaşlı- bu qaydalara əsasən hərəkət etməlidir”. O qeyd edib ki, skuterlər üçün ayrıca zolağın ayrılmasına ehtiyac yoxdur: 

“Çünki bu gün Bakıda velosiped zolaqlarından həmin mikromobillik vasitələri — skuterlər də istifadə edə bilər. Skuterlər piyada səkilərində idarə olunmamalıdır. Avtomobil yollarında isə yalnız o halda idarə oluna bilər ki, həmin yolda ayrıca velosiped zolağı olmasın. 

Bu zaman skuteri avtomobil yolunun sağ birinci zolağı, yolun kənarı ilə idarə etmək olar, lakin yolun 2-ci və 3-cü zolaqları ilə hərəkət etmək olmaz”. 

Ekspert qeyd edir ki, ölkəmizdə skuterlərlə bağlı problemlərin həlli və infrastruktur məsələləri üzrə qaydalar qəbul olunub:
“Sadəcə skuterləri idarə edən şəxslər həmin qaydalara əməl etməlidirlər”. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki