“Sovet dövründən bu günə kimi hər hansı bir bina inşa edildikdə müxtəlif istiqamətdə hesablama işləri aparılır. Həm binanın dayanıqlılığı, həm onun yük götürmə imkanları, hər hansısa seysmik hadisə, təbii fəlakət zamanı binanın bu fəlakətin qarşısında dayanıqlılığı nəzərə alınaraq bu binalar tikilir. Əsasən monolit beton və dəmir beton karkazlı binalar inşa olunur. Bu tip binalar düzgün formada inşa olunursa, tikintiyə nəzarət olunursa, o zaman şəhərdəki binaların hər birinin 9 ballıq zəlzələyə dözmə imkanları var”.
Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucov Referans-a açıqlamasında deyib.
“Bu tikintilər rəsmi qaydada tam şəkildə tikintidə təhlükəsizliyə nəzarət qurumlarının nəzarəti ilə həyata keçirilir. Bakı şəhərindəki binalar bu prinsiplərə əsasən zəlzələlər dözümlü olamlıdır. Düzdür, hələ ki Azərbaycanda dağıntıya səbəb olan zəlzələ baş verməyib amma indiyə qədər baş verən zəlzələlər zamanı Azərbaycanın tikinti sistemi imtahandan keçib. Nə qədər biz tikinti sistemini tənqid etsək də, nə qədər tikintinin keyfiyyətsizliyi ilə bağlı fikirlər söylənilsə də, indiyə qədər böyük dağıntı baş verməyib”.
Ekspert ev almağa və ya evini dəyişməyə hazırlaşan vətəndaşlara bəzi tövsiyyələr də verib.
“Binalarda ev alarkən ilk növbədə tikinti materiallarının keyfiyyətinə, rəsmi dövlət ekspertisandan binanın keçməsinə fikir vermək lazımdır. Əgər ekspertizadan keçirilibsə, təhvil-təslim edilibsə, bu o deməkdir ki, bütün göstəricilər üzrə həmin binanın mövcudluğu təhlükəsizdir və vətəndaşlar orada təhlükəsiz şəkildə yaşaya bilərlər. Bu baxımdan çıxarış alan, təhvil-təslimdən keçən, dövlət ekspertizasından keçən binalar yaşayış üçün uyğun hesab olunur. Bütün bunlar yenə də vətəndaşların aldıqları evlərin tam şəkildə keyfiyyətindən əmin olması üçün əsas vermir. Mütləq şəkildə mütəxəssis rəylərinə, konsultasiyaya müraciət edilməlidir ki, hansı binalarda evin alınması daha dəqiq müəyyənləşsin”.
Vüqar Orucov qeyd edib ki, Bakı şəhərinin mövcud vəziyyəti nəzərə alınaraq çox hündürmərtəbəli binalardan ev almaq tövsiyə olunmur. Çünki həddindən artıq hündür mərtəbəli binalar yüksək səviyyəli dəqiq hesablamalar tələb edir. Bakı üçün 10-16 mərtəbə civarında binalarda yaşamaq daha uyğun hesab olunur.
Fidan Vəlisoy
