Kriptovalyuta bazarında ciddi geriləmə davam edir. Ötən ilin payızında 126 min dollarla rekord həddə yüksələn Bitcoin hazırda 60 min dollar səviyyəsinə qədər enib. Nəticədə son 8 ay ərzində kriptovalyuta bazarı ümumilikdə 1,2 trilyon dollardan çox dəyər itirib.
Bitcoin ilin əvvəlindən təxminən 30 faiz ucuzlaşıb. Bu azalma ilə ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövrünün başlanğıcından sonra əldə olunan bütün qazanc demək olar ki, silinib.
Analitiklərin fikrincə, investorların kriptovalyutalardan uzaqlaşmasının əsas səbəbləri yüksək faiz dərəcələri, inflyasiya ilə bağlı qeyri-müəyyənlik və süni intellekt sektoruna artan maraqdır. Bir çox investor vəsaitlərini kriptovalyutalardan çıxararaq süni intellekt layihələrinə yönəldir.
Bundan əlavə, böyük Bitcoin investorlarının satışları da bazara təzyiq göstərib. Məsələn, iri kriptoinvestor şirkətlərindən biri olan Strategy şirkətinin satış qərarı bazarda kəskin enişə səbəb olub.
Ekspertlər hesab edirlər ki, ABŞ Konqresində müzakirə olunan və kriptovalyuta sektorunu tənzimləməyi nəzərdə tutan CLARITY qanununun qəbul edilməsi bazara yeni nəfəs verə və investor marağını yenidən artıra bilər. Hələlik isə Bitcoin və ümumilikdə kriptovalyuta bazarı çətin dövr yaşayır.
