Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ), Bahreynin təqdim etdiyi və İranın Körfəz ölkələrinə qarşı hücumlarını dərhal dayandırmasını tələb edən qərarı qəbul edib.
Referans Media xəbər verir ki, qərarda İranın Hörmüz Boğazını bağlayaraq beynəlxalq gəmiçilik və təhlükəsizlik qaydalarını pozması da tənqid olunub.
Qərar və səsvermə
Qətnamə layihəsini 13 üzv dövlət dəstəkləyib, Çin və Rusiya isə bitərəf qalıb. Bahreynin təqdim etdiyi qətnamə layihəsində İranın Körfəz ölkələrinə raket hücumlarının dərhal dayandırılması tələb edilib. Qətnamə layihəsi həmçinin Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya tərəfindən təqdim olunub və 130-dan çox BMT üzvü tərəfindən dəstəklənib.
Rusiyanın qətnamə layihəsi rədd edildi
Rusiyanın təqdim etdiyi və Yaxın Şərqdə bütün qarşıdurmaların dayandırılmasını nəzərdə tutan fərqli qətnamə layihəsi isə BMT TŞ-də rədd edilib. Bu qətnamə layihəsinə 4 “hə” səsi, 2 “yox” səsi və 9 bitərəf səs verilib.
28 fevralda ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. ABŞ və İsrail İranın nüvə və ballistik raket proqramlarını beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə hesab edərək hərəkət etdiklərini açıqlayıblar.
İran isə əməliyyatı BMT Nizamnaməsinin və beynəlxalq hüququn pozuntusu olaraq qiymətləndirib və 51-ci maddəyə əsaslanaraq özünü müdafiə haqqını qeyd edib.























