Səudiyyə Ərəbistanı ölkənin şərqində 19 pilotsuz uçuş aparatının (PUA) qarşısını alaraq məhv edildiyini açıqlayıb. Hadisələr nəticəsində heç bir şəxsi itki və ya maddi zərər qeydə alınmayıb.
Referans Media xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi, bölgədə gərginliyin artması və ABŞ-İsrailin İran əleyhinə hücumları fonunda, PUA və raket hücumlarının bildirilməsi üçün yeni elektron xidmət istifadəyə verildiyini açıqlayıb. Xidmət vasitəsilə vətəndaşlar və ölkədə yaşayanlar şübhəli hava obyektlərini (PUA və ya raket) tez bir zamanda müvafiq qurumlara çatdıra biləcəklər.
Müdafiə Nazirliyinin sözçüsü, General-mayor Turki əl-Maliki bildirib ki, yeni xidmət vətəndaşlar ilə silahlı qüvvələr arasında “həqiqi bir əməkdaşlığı” təmin edir və bu, vətənin müdafiəsində mühüm rol oynayır. Səudiyyə Ordusu ölkəyə mümkün hava hücumlarını dəf etmək üçün kifayət qədər inkişaf etmiş potensiala malikdir, lakin bu xidmət əlavə xəbərdarlıq və müdaxilə imkanları yaradır.
Səudiyyə Ərəbistanı, gərginliyin artmasından bəri ən az 25 raket və 290 PUA hücumuna məruz qalıb. Bu hücumlar ABŞ və İsrailin İran əleyhinə hərbi əməliyyatları ilə bağlıdır.
Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Feysəl bin Fərhan, Qətər Baş Naziri və Xarici İşlər Naziri Muhəmməd bin Əbdurrahman əl-Sani ilə telefon danışığı apararaq bölgədəki təhlükəsizlik və stabillik məsələlərini müzakirə edib.
28 Fevraldan başlayaraq ABŞ və İsrail İranın müxtəlif bölgələrinə hərbi əməliyyatlar həyata keçirib. İran da İsrail və ABŞ-a məxsus bazalara, habelə Qətər, BƏƏ və Bəhreyndəki obyektlərə hücumlarla cavab verib. ABŞ-İsrail əməliyyatları nəticəsində İran lideri Ayətullah Əli Xamenei və çox sayda yüksək vəzifəli şəxs həlak olub. İranlı rəsmilərin açıqlamasına görə, hücumlarda ölənlərin sayı 1348, yaralananların sayı isə 17 mini keçib.
