Böyük Britaniya hökuməti İranda davam edən münaqişənin uzanacağı təqdirdə ölkədə ərzaq və içki qıtlığı yarana biləcəyindən ehtiyatlanır.
Referans Media xəbər verir ki, bu barədə “The Times” qəzeti hökumət daxilində aparılan təhlillərə istinadən məlumat yayıb.
Bildirilir ki, baş nazirin ofisi, Maliyyə Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri mümkün ssenariləri və onların iqtisadi təsirlərini müzakirə ediblər. Əsas risklərdən biri Hörmüz boğazının bağlanması ehtimalı ilə bağlıdır.
Belə bir vəziyyət ölkədə karbon qazı (CO2) çatışmazlığına səbəb ola bilər. Bu isə birbaşa qida sənayesinə zərbə vurur. CO2 məhsulların saxlanma müddətini uzatmaq üçün geniş istifadə olunur – xüsusilə salatlar, ət məhsulları və çörək məmulatlarında. Qıtlıq ilk növbədə kənd təsərrüfatı və hotel sektoruna təsir göstərə bilər.
Məlumata görə, karbon qazı demək olar ki, bütün donuzların və quşların kəsimi zamanı istifadə olunur. Bu səbəbdən ət tədarükündə də azalma riski var.
Eyni zamanda pivə istehsalçıları da təhlükə ilə üz-üzədir. CO2 içkilərin qazlaşdırılması üçün əsas komponentdir. Qəzet yazır ki, mümkün qıtlıq yayda keçiriləcək futbol üzrə dünya çempionatı ilə üst-üstə düşərsə, mağazalarda pivə çeşidi azala bilər, lakin bu, kritik səviyyədə olmayacaq. Ən pis ssenaridə ehtiyatlar mövcud səviyyənin cəmi 18%-nə qədər enə bilər.
