Xəbər verdiyimiz kimi, Azərbaycanda son aylarda bütün mənzillər,
xüsusilə də, fərdi evlər bahalaşıb. Bu proses dayanmadan davam edir. Hətta deyə
bilərik ki fərdi evlərin qiymətləri artıq bina evləri ilə eyniləşib.
Xüsusilə, fərdi evlərin bu dərəcədə bahalaşmasının səbəbi nədir?
Nəyə görə son dövrlər belə bir artım var?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc
Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“İlk növbədə, daşınmaz əmlak qiymətləri təkcə Azərbaycanda və
Azərbaycanın paytaxtı olan Bakı şəhərində bütün dünyada artır. Qlobal artımdır
və bu onunla bağlıdır ki, daşınmaz əmlak az riskli və dinamik gəlir gətirən investisiya
obyektidir. Bu gün hər hansısa biznesə ayrılan investisiya böyük nəticələr gətirə
bilər, lakin biznes alınmaya bilər. Amma daşınmaz əmlak belə deyil. Daşınmaz əmlak
daim qiyməti artan və investisiya üçün daim məqsədəuyğun nümunədir. Bu təkcə
qiymət artımı ilə yekunlaşmır. Həm də evlərin kirayə verilməsi nəticəsində də daimi
gəlir əldə oluna bilər”.
Ekspert bildirib ki, torpaq sahələrinin qiymətlərinin
artması da ölkədə daşınmaz əmlak qiymətlərinə ciddi təsir edir. Bu baxımdan
torpaq və daşınmaz əmlak qiymətlərinin artımı davamlı olacaq.
“Ölkə əhalisinin sayı artdıqca torpaq sahələrinin də sayı
get-gedə azalır. Bütün tikililər torpaq üzərində olduğuna görə, onun qiyməti
artdıqca üzərindəki tikili obyektlərin də qiyməti bahalaşır. Urbanizasiyanın da
qiymət dəyişikliyində danılmaz rolu var. Tikinti materialları da hazırda
Rusiya-Ukrayna müharibəsi fonunda bahalaşır. Son illərdə əvvəlki dövrə nisbətən
tikintinin başa gəlmə məsrəfləri yüksəkdir. Bunlardan əlavə fərdi evlər vətəndaşların
daha çox pandemiya dövründə meyl etdiyi, eləcə də yay aylarında xüsusilə
istifadə etdiyi məkanlardır. Hazırki mövsüm yay olduğuna görə bağ evlərinin
qiyməti daha yüksəkdir. Əvvəllər kvadrat metri 1000-1500 manata təklif olunan
bağ evləri hazırda 2000-3000 manata təklif olunur”.
Vüqar Oruc qeyd edib ki, qiymət artımı hər ay baş verir. Hər
il ötən ilə nisbətən 15-18 faiz artım müşahidə olunur. Bu artım təbii ki,
daşınmaz əmlakın ümumi qiymətinə təsir göstərir. Daşınmaz əmlak mövsumi olaraq
artsa belə, sonra qiymətin əvvəlki vəziyyətinə qayıtması baş vermədiyinə görə ümumi
bahalaşmaya səbəb olur.
Fidan Vəlisoy