Türkiyəli politoloq Engin Özer “Globalinfo”ya Rusiya ordusunun Qara dənizdə Ukraynanın ərazi sularında Türkiyəyə məxsus gəmiyə hücumunu da şərh edib.
Onun sözlərinə görə, bəzi türk firmaları Rusiyadan neft almağa davam edərkən eyni vaxtda Ukrayna ilə ticarət davam etdirilir:
“Digər tərəfdən, Türkiyə neytrallığını elan edir, həm də Ukraynaya silah göndərir. Bildiyiniz kimi, hücuma məruz qalan ilk türk gəmisi Rusiya nefti daşıyırdı və Qara dənizdə şübhəli şəkildə vuruldu. Bu, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara cavab idi. İkinci hadisədə Rusiya Odessada günəbaxan yağı daşıyan bir türk gəmisinə və Ro-Ro gəmisinə hücum etdi. Bu, Türkiyənin yeni mərhələdə Avropa Birliyi və ABŞ ilə birlikdə yürütdüyü Ukrayna siyasətinə cavab idi”.
Ekspert qeyd edib ki, Türkiyənin görə biləcəyi ən vacib və təcili tədbir hər iki tərəf – Ukrayna və Rusiya ilə dəniz ticarətini dayandırmaqdır:
“Hazırda Qara dənizdə gərginlik pik həddə çatıb. Türkiyə öz vətəndaşlarının təhlükəsizliyi üçün həm Ukrayna, həm də Rusiya ilə bütün dəniz nəqliyyatını dayandırmaq qərarını verməlidir. Dövlətlər hər zaman bu cür qərarlar verə bilər. Burada Türkiyənin elə də bir strateji marağı yoxdur. İndiyə qədər niyə belə bir qərar verilməyib – bu, çox maraqlı sualdır. Çünki Ukraynada hərbi dəniz minaları, pilotsuz təyyarə hücumları var və real müharibənin ortasında bu cür kommersiya fəaliyyətləri özlüyündə risklər yaradır. Buna görə də, Putinin Türkmənistanda Ərdoğanla görüşü ilə eyni vaxtda hücum həyata keçirilməsi Türkiyəyə bir xəbərdarlıq idi”./globalinfo





















