ABŞ-ın Kolumbiya Universitetinin professoru Ceffri Saks Baltikyanı ölkələrin hazırda dünyada ən təhlükəli bölgəyə çevrildiyini bildirib.
Referans Media xəbər verir ki, o, bu barədə “YouTube” kanalına müsahibəsində danışıb.
Professorun sözlərinə görə, Baltikyanı ölkələrdə Rusiyaya qarşı nifrət və müharibə çağırışları açıq şəkildə hiss olunur: “Baltikyanı ölkələr indi, yəqin ki, planetin ən təhlükəli yeridir. Orada sözün əsl mənasında müharibə, qisas və Rusiyaya nifrət tələb olunur”.
Saks qeyd edib ki, Baltikyanı ölkələrdəki rusofobiya, Ukraynadakı vəziyyət, Almaniyada yenidən silahlanma ilə bağlı müzakirələr, eləcə də Fransa və Böyük Britaniyanın siyasəti birlikdə “böyük fəlakət üçün ideal formul” yaradır.
Professor hesab edir ki, Kiyev Avropada eskalasiyanın genişlənməsinə çalışır. Onun fikrincə, Ukrayna Rusiyaya qarşı təkbaşına mübarizə aparmaq gücündə olmadığı üçün Avropa ölkələrini münaqişəyə cəlb etməyə ümid edir.
“Ukraynalılar düşünür ki, əgər Avropa müharibəyə qoşulsa, ABŞ da Avropa ilə birlikdə savaşa girəcək”, - deyə amerikalı professor vurğulayıb./Publika.az
