Cəsədi çamadanda yol kənarına atılmışdı: Ayşə Tokyaz qətlinin məhkəməsi bu gün başlayır

İstanbulun Küçükçekmece rayonunda sabiq polis əməkdaşı Cemil Koç tərəfindən qətlə yetirilən və cəsədi çamadana qoyularaq yol kənarına atılan universitet tələbəsi Ayşə Tokyazın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi bu gün start götürür. Təqsirləndirilən Cemil Koç da daxil olmaqla 9 nəfər ilk dəfə hakim qarşısına çıxacaq.

Referans Media xəbər verir ki, 11 iyul tarixində Küçükçekmece rayonunda baş verən hadisəyə görə, 22 yaşlı Ayşə Tokyaz öldürüldükdən sonra cəsədi çamadana yerləşdirilərək Eyüpsultan ərazisində yol kənarına atılıb. Cinayət işi Küçükçekmece 2-ci Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. İş üzrə əsas təqsirləndirilən şəxs Cemil Koçdur.

İttiham aktından

Küçükçekmece Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Ayşə Tokyaz “qurban”, onun əkiz bacısı Esra Tokyaz “zərərçəkən”, Cemil Koç (38) da daxil olmaqla 9 nəfər isə “şübhəli şəxs” qismində göstərilib.

İttiham aktında qeyd olunur ki, hadisə günü Esra Tokyaz Küçükçekmece Halkalı Polis Bölməsinə müraciət edərək ifadə verib. O bildirib ki, bacısı Ayşə ilə videobağlantı zamanı onun üz və ağız nahiyəsində göyərmələr, qan izləri görüb. Ayşə Tokyaz həmin danışıqda Cemil Koç tərəfindən döyüldüyünü deyib və olduğu ünvanı bacısı ilə paylaşıb. Esra Tokyaz həmin ünvana getdikdə qapını Cemil Koç açıb və Ayşənin orada olmadığını bildirib. Bundan sonra Esra Tokyaz bacısını üç gün axtarıb, tapa bilmədikdən sonra polisə müraciət edərək Cemil Koçdan Ayşəni döyməsi və azadlıqdan məhrum etməsi iddiası ilə şikayətçi olub.

Şübhəlinin cinayət keçmişi

İttiham aktında Cemil Koç ilə Ayşə Tokyazın bir müddət sevgili olduqları, Koçun polis xidmətindən xaric edildiyi qeyd edilir. Koçun barəsində 1 şübhəli ölüm, 3 qəsdən xəsarət yetirmə və 1 təhdid olmaqla ümumilikdə 8 cinayət keçmişi olduğu bildirilir.

Sənəddə göstərilir ki, Ayşə Tokyaz bəzən Cemil Koçun evində qalırmış. Sonuncu dəfə isə hadisədən 4 gün əvvəl – 7 iyulda həmin ünvana gedib, orada aralarında mübahisə düşüb. Mübahisədən sonra Tokyaz Beşiktaşdakı tələbə yataqxanasına qayıdıb və bacısı Esra Tokyazla görüntülü danışıb. Həmin vaxt onun üzündə göyərmələr və qanaxma olduğu, bacısına Cemil Koç tərəfindən döyüldüyünü dediyi qeyd olunub.

Məhkəmə-tibbi ekspertiza: Kokain aşkarlanıb

İstanbul Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin hazırladığı rəy də ittiham aktına daxil edilib. Rəyə əsasən, Ayşə Tokyazın bədənində kokain izləri aşkarlanıb, öd kisəsi və sidiyində narkotik və ya psixotrop maddələrin izləri müəyyən edilib. Ölümün küt kəllə-beyin travması, burun sümüyünün sınığı və beyin qanaması nəticəsində baş verdiyi, baş və alt dodaq nahiyəsində zorakılıq izlərinin olduğu bildirilib.

Ağırlaşdırılmış ömürlük həbs tələbi

İttiham aktında Cemil Koç barəsində “qadına qarşı əvvəlcədən düşünülmüş və xüsusi qəddarlıqla qətl törətmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası, həmçinin “şəxsi azadlıqdan məhrum etmə” və “şantaj” maddələri ilə 4 ildən 15 ilədək həbs cəzası istənilir.

Digər 7 təqsirləndirilən şəxs barəsində isə qətldə köməklik maddəsi ilə 15 ildən 20 ilədək həbs cəzası tələbi irəli sürülüb. Oğuz Kal adlı təqsirləndirilən şəxs üçün də ağırlaşdırılmış ömürlük həbs və əlavə olaraq 3 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası tələb olunur.

Qeyd edək ki, hazırlanan ittiham aktı Küçükçekmece 2-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən artıq qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki