İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə gərginliyin davam etdiyi bir dövrdə Çinə rəsmi səfər edib. Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə keçirilən görüşdə ikitərəfli münasibətlər və regional proseslər müzakirə olunub.
Referans Media xəbər verir ki, görüşdən sonra Çin tərəfi İranın nüvə proqramına dair mühüm mesaj verib. Rəsmi Pekin açıqlamasında “İranın nüvə enerjisini sülh məqsədləri üçün istifadə etmə hüququ qanunidir” ifadəsini işlədib.
Bu açıqlama beynəlxalq arenada ciddi rezonans doğurub və ABŞ-İran gərginliyi fonunda Pekinin mövqeyinin daha da sərtləşdiyi kimi qiymətləndirilib.
İran xarici işlər naziri Abbas Əraqçi Çini “Tehranın yaxın dostu” adlandıraraq, iki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyini bildirib. O, həmçinin İranın yalnız “ədalətli və hərtərəfli razılaşmanı” qəbul etdiyini vurğulayıb.
Əraqçi ABŞ və İsrailin siyasətini “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirərək, İranın öz maraqlarını qorumaqda qətiyyətli olduğunu qeyd edib.
Çin xarici işlər naziri Van İ isə bölgədə vəziyyətin kritik mərhələdən keçdiyini bildirib və gərginliyin azaldılması üçün tam atəşkəsin vacibliyini vurğulayıb. O, tərəfləri birbaşa danışıqlara çağırıb.
Səfər və açıqlamalar ABŞ ilə İran arasında davam edən nüvə mübahisəsi fonunda baş verib. Çin tərəfindən verilən dəstək mesajları isə bölgədə diplomatik güc balansının dəyişdiyi kimi şərh olunur.
