image-koronaaaabackend

COVİD 19: Azərbaycanda narahatlığa əsas varmı?

Koronavirus pandemiyası başa çatdıqdan sonra Azərbaycanda bu virusa yoluxmalarla bağlı rəsmi statistika açıqlanmır. Buna baxmayaraq şübhəsiz ki, ölkəmizdə COVİD-19 virusuna yoluxanlar yenə var. Elə bu yaxınlarda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVİD-19 testi verdiyi və test nəticəsinin müsbət çıxdığı haqda məlumatlar yayılıb. Hazırda Asiyada yeni COVİD-19 dalğasının baş qaldırdığı barədə də dünya mediasında xəbərlər dərc edilməkdədir.

Məsələ ilə bağlı Medianews.az saytı həkim-infeksionist, tibbi elmləri doktoru, professor Sədrəddin Atakişizadəyə müraciət edib.

– Professor, bir həkim-infeksionist kimi nə müşahidə edirsiniz: Azərbaycanda da COVİD-19-a yoluxanların sayı artırmı? Bu baxımdan hər hansı narahatlığa əsas varmı? COVİD-19-a yoluxmaların artmaması üçün ölkəmizdə yenidən hansısa ciddi rejimlərin, profilaktik tədbirlərin gücləndirilməsi zəruridirmi?

– Virus infeksiyaları müəyyən bir dövrdə insanlar arasında hava-damcı yolu ilə yayılmaqla xəstəlik törədir, vaxt ötdükcə isə mutasiyaya uğrayır, yəni bir formadan digər bir formaya keçir. Hazırda da koronavirus infeksiysının mutasiyaya uğramış yeni bir forması insanlar arasında hava-damcı yolu ilə yayılaraq xəstəlik törətməkdədir. Ancaq bu viruslar mutasiyaya uğradıqca zəifləyir. Əvvəllər koronavirus ağır, orta-ağır formada xəstəlik törədirdisə, indi klinik əlamətlər özünü daha zəif büruzə verir. Koronavirus indi insanlarda təsadüfən müayinələr zamanı aşkarlanır. Demək olar heç bir klinik əlamət olmur.

Güman etmirəm yeni bir epidemiya və ya pandemiya səviyyəsində alovlanmalar olsun. Sadəcə aras-sıra insanlar arasında yayılır, təsadüfən aşkarlanır və klinik əlamətləri də özünü zəif göstərir. Bu, bütün qriplərə xas cəhətdir. Ona görə də narahat olmağa heç bir əsas yoxdur. Əlavə ciddi rejimlərə, profilaktik tədbirlərin görülməsinə də heç bir zərurət yoxdur. Bu, hər il olur. Nə qədər ki, hava soyuq keçir, virus infeksiyaları davam edəcək. Hazırda may ayı olmasına baxmayaraq soyuq hava müşahidə olunur. Ona görə də hava-damcı yolu ilə yayılan virus infeksiyalar hələ kəsilməyib. Havalar isindikcə bu infeksiyalar azalacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki