Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlərin övladların üçün məktəb alış-verişi davam etməkdədir. Ölkədə fəaliyyət göstərən bəzi marketlərdə məktəbli geyimləri 2-3 manata təklif olunur.
Bəs bu geyimlərin bu qədər ucuz olmasının səbəbi nədir? Valideynlər bu geyimləri güvənərək ala bilərlərmi?
Məsələ ilə bağlı Bakı Tikiş Evindən Referans-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Tikiş Evinin istehsalı olan geyimlər xüsusi emblemlə seçilir.
“Belə sıradan marketlərdə satılan məktəb formaları bizim məhsullarımız deyil. Bizim məhsullarımızın üzərində “Bakı Tikiş Evi” yazılı emblemlər mövcuddur. Eləcə də bizim loqomuz və fərqlənmə nişanımız mövcuddur. Marketlərdə 2-3 manata satılan geyimlərlə bizim əlaqəmiz yoxdur”.
Müəssisədən verilən məlumatda qeyd olunub ki, BTE-nin 7 satış mərkəzi var və bu mərkəzlərdə satılan məktəbli geyimlərinin hər birinə tam olaraq zəmanət verilir. Eləcə də bu məhsulların hər birinin sertifikatı var.
Fidan Vəlisoy
