Bu gündən etibarən Azərbaycanda yaxın qohumlar arasında nikahın bağlanmasına qanuni qadağa qüvvəyə minib. Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ailə institutu və cəmiyyətin genetik sağlamlığı məqsədilə bu istiqamətdə yeni məhdudiyyətlər tətbiq olunur. Qanunvericilikdəki bu dəyişikliklə əsas hədəf – gələcək nəsillərin sağlam genetik baza üzərində formalaşmasını təmin etmək, irsi xəstəliklərin qarşısını almaq və sosial-psixoloji fəsadların azaldılmasıdır. Bu proses necə həyata keçiriləcək? Gözləntilərin və ehtimalların reallaşması istiqamətində hansı addımlar atılır?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Referans-a verdiyi açıqlamada bildirib ki, bu qərar ölkədə ailə dəyərlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. 1 iyul 2025-ci ildən etibarən ölkəmizdə yaxın qohumlar arasında nigahın bağlanmasına dair məhdudiyyətlərin qanunvericilik səviyyəsində tətbiq olunması ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin genetik sağlamlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Deputat həmçinin qeyd edib ki, yaxın qohumlar arasında nigahın tibbi və psixoloji baxımdan ciddi risklər daşıdığı elmi cəhətdən sübut olunmuş faktdır. Bu cür evliliklər doğulan uşaqlarda genetik və sağlamlıq problemlərinin yaranma ehtimalını artırır, eyni zamanda sosial münasibətlərdə gərginliklərə, hətta cinayət xarakterli halların baş verməsinə səbəb ola bilir.
“Yeni qadağanın tətbiqi ilə aşağıdakı müsbət nəticələrin əldə olunacağı gözlənilir. Genetik risklərin minimuma endirilməsi, sağlam və davamlı ailə modelinin təşviqi boşanma hallarının və ailədaxili münaqişələrin azalması və sosial və psixoloji zərərlərin qarşısının alınması nəzərdə tutulur. Dövlət bundan sonra da sağlam və xoşbəxt ailələrin qurulması üçün ardıcıl və sistemli tədbirlər görməyə davam edəcək”,- deyə deputat qeyd edib.
Qeyd edək ki, bu qanunvericilik dəyişiklikləri Ailə Məcəlləsinin uyğun maddələrinə edilən korrektələrlə rəsmi şəkildə təsdiqlənib və 1 iyul 2025-ci il tarixindən qüvvəyə minib.
Gülgəz Qədirova
Referans
