Donald Trumpdan Qrenlandı satın alma planı: ada sakinlərinə 100 min dollar təklif edilə bilər

ABŞ administrasiyasının Qrenlandın Danimarkadan ayrılmasını və ABŞ-ın tərkibinə qoşulmasını təşviq etmək məqsədilə ada əhalisinə birbaşa nağd ödəniş etməyi planlaşdırdığı iddia olunur.

Referans Media xəbər verir ki, Reutersin dörd fərqli mənbəyə istinadən yaydığı məlumata görə, Ağ Evdə aparılan müzakirələrdə Qrenlandiya sakinlərinə adambaşına 10 min dollardan 100 min dollara qədər birdəfəlik ödənişlərin verilməsi variantı nəzərdən keçirilir.

Qrenlandiyanın təxminən 57 min nəfərlik əhalisi nəzərə alındıqda, hər bir sakinə 100 min dollar ödənilməsi ABŞ büdcəsinə təxminən 6 milyard dollara başa gələ bilər.

ABŞ prezidenti Donald Trampın uzun müddətdir adanı satın almaq və ya nəzarətə götürmək istəyi bu planla daha konkret, “kommersiya təklifi” xarakteri alıb. Prezident Tramp Qrenlandiyanın zəngin faydalı qazıntı ehtiyatları və Şimal qütbündəki strateji mövqeyi səbəbindən ABŞ-ın milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdi.

Ağ Evə yaxın mənbələr, xüsusilə Venesueladakı əməliyyatlardan sonra Trampın bu geosiyasi hədəfi reallaşdırmaq üçün komandasına təzyiqi artırdığını qeyd edirlər.

Danimarka və Avropadan sərt reaksiya

Danimarka və Qrenlandiya rəsmiləri adanın “satılıq olmadığını” dəfələrlə vurğulayıblar. ABŞ-ın bu son addımı Avropanın bir sıra paytaxtlarında da ciddi narahatlıq doğurub.

Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın da daxil olduğu yeddi Avropa ölkəsi birgə bəyanat yayaraq Qrenlandiyanın gələcəyinə yalnız Danimarka və Qrenlandiya xalqının qərar verə biləcəyini bəyan edib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas isə bildirib ki, Qrenlandiya ilə bağlı səsləndirilən mesajlar son dərəcə narahatedicidir və əgər bu real təhlükədirsə, Avropanın cavabının nə olacağı müzakirə edilir.

İspaniyanın Baş naziri Pedro Sanchez isə vəziyyəti Avropa dövlətinin ərazi bütövlüyünə yönəlmiş “təhlükə” kimi qiymətləndirib.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki