Yaxın Şərqdə gərginliyin artması fonunda Dubayda qızılın qiyməti aşağı düşüb və bazarda endirimlə satışa çıxarılıb.
Referans Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Bildirilir ki, regionda münaqişənin kəskinləşməsi nəticəsində bir sıra aviareyslərin ləğv edilməsi qızılın ölkədən daşınmasını çətinləşdirib.
Məlumata görə, nəqliyyat imkanlarının məhdudlaşması səbəbindən Dubay bazarında qızıla tələbat da azalıb. Eyni zamanda, qızılın daşınması üçün sığorta xərclərinin kəskin artması alıcıların sayının azalmasına gətirib çıxarıb.
Bu vəziyyət fonunda treyderlər qızılı London bazarında müəyyən olunan etalon qiymətlə müqayisədə unsiya başına 30 dollara qədər endirimlə təklif edirlər.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri qiymətli metalların emalı və onların Asiya və Avropa ölkələrinə ixracı baxımından dünyanın əsas mərkəzlərindən biri hesab olunur.
