Dünya rekordu yenilənir: Dayanmadan 22 saat uçacaq təyyarə sınaqdan keçdi

“Airbus” şirkəti yeni nəsil A350-1000ULR təyyarəsinin ilk sınaq uçuşunu uğurla həyata keçirdiyini açıqlayıb. Bu model fasiləsiz olaraq 22 saata qədər uçuş qabiliyyətinə malikdir və bu, kommersiya aviasiyası tarixində ən uzunməsafəli uçuş müddəti hesab olunur.

Referans Media xəbər verir ki, bu sınaq uçuşu proqramın mühüm mərhələsidir, uzunmüddətli aviareyslərin təhlükəsizliyi və səmərəliliyinin yoxlanmasına xidmət edir.
 

Təyyarə əsasən Avstraliyanın “Qantas” şirkəti üçün hazırlanır. Məqsəd Sidney və London arasında təxminən 18 500 kilometr (10 000 dəniz mili) məsafəni dayanmadan qət etməkdir. Uçuşun baş tutacağı halda kommersiya aviasiyası tarixində ilk dəfə bu iki şəhər arasında birbaşa reylər mümkün olacaq.

Plana əsasən, “Qantas” ilk A350-1000ULR təyyarəsini 2027-ci ilin aprelində təhvil alacaq. Şirkət əvvəlcə bu marşrutu 2025-ci il, daha sonra isə 2026-cı ilin sonlarında istifadəyə verməyi planlaşdırırdı, lakin proqramda gecikmələr baş verib. Şirkət ümumilikdə 12 ədəd A350-1000ULR təyyarəsi sifariş edib.

Bundan əlavə, “Qantas” uzunməsafəli, lakin daha qısa reyslər üçün nəzərdə tutulmuş 12 ədəd standart A350-1000 modeli üçün də “Airbus” şirkətinə sifariş verib.

Hazırda kommersiya aviasiyasında ən uzun fasiləsiz uçuş “Singapore Airlines” tərəfindən həyata keçirilir. Bu reys Sinqapur ilə Nyu-York arasında təxminən 15 350 kilometr məsafəni 18 saatdan çox müddətdə qət edir. “Airbus”un yeni modeli isə bu rekordun üzərində yeni standart yaratmağı hədəfləyir və uzunməsafəli hava nəqliyyatında yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki