Ankarada keçirilən 36-cı NATO Liderlər Zirvəsi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında yaşanan səmimi anlar dünya mediasının diqqət mərkəzinə düşüb.
Referans Media xəbər verir ki, ABŞ mətbuatı Trampın digər liderlərlə müqayisədə Ərdoğana daha fərqli münasibət göstərdiyini vurğulayaraq, iki lider arasındakı yaxınlığı “qeyri-adi vəziyyət” kimi qiymətləndirib.
ABŞ-ın “Fox News” telekanalı iki liderin bədən dilini təhlil edərək diqqətçəkən şərhlər verib.
Telekanal bildirib ki, Tramp adətən fiziki təmasa çox açıq olmayan siyasətçidir və onun Ərdoğanla bu qədər səmimi davranması diqqət çəkir.
“Trampa toxunulması alışılmış bir vəziyyət deyil. Trampın bunu qəbul etməsi, qarşılıq verməsi... Aralarındakı bağ fərqlidir. Ərdoğan digər NATO liderlərindən seçilir”, – deyə kanalın analizində qeyd olunub.
ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsi çərçivəsində Türkiyə lideri ilə münasibətlərinə dair də mühüm açıqlamalar verib.
Tramp bildirib ki, Prezident Ərdoğanın rolu onun Ankara səfərinə təsir edib.
“Cənab Ərdoğan olmasaydı, mən bu zirvəyə gəlməzdim. Zirvənin Türkiyədə keçirilməsi böyük hadisədir”, – deyə Tramp bildirib.
Beynəlxalq media Trampın Türkiyə ilə bağlı F-35 proqramı və CAATSA sanksiyalarının aradan qaldırılması istiqamətində verdiyi mesajlara da geniş yer ayırıb.
ABŞ və Avropa mətbuatında Türkiyənin NATO daxilində strateji əhəmiyyətinin artdığı, xüsusilə müdafiə sənayesi sahəsində rolunun ön plana çıxdığı bildirilib.
Ankaradakı zirvə Tramp-Ərdoğan münasibətlərinin yenidən dünya gündəminə çıxmasına səbəb olub.
