Hava şəraitində yaxın günlərdə nəzərəçarpacaq istiləşmə gözlənilir. Sinoptiklərin proqnozuna görə, ölkə ərazisində temperatur yüksələcək, bəzi bölgələrdə isə küləkli hava şəraiti müşahidə olunacaq. Dağlıq ərazilərdə isə qısamüddətli yağış və şimşək ehtimalı var.
Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, yaxın iki gün ərzində tsiklonun isti sektorunun təsiri nəticəsində temperaturun əksər rayonlarda 25-30 dərəcəyədək, bəzi yerlərdə isə 32 dərəcəyədək yüksələcəyi gözlənilir.
Onun sözlərinə görə, bölgələrdə arabir güclənən cənub-qərb küləyi əsəcək.
Meteoroloq qeyd edib ki, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Cavidan Əliyev əlavə edib ki, Bakıda da yaxın günlər ərzində havanın temperaturunun 25-28 dərəcəyədək yüksəlməsi gözlənilir.
Gülnaz Abdullazadə
