İranın Naxçıvan istiqamətinə zərbə endirməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq və qorxu yaradıb.
Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, yayılan məlumatlar və görüntülər hücum faktını təsdiqləyir.
Onun sözlərinə görə, yayılan görüntülər Azərbaycan ərazisinə dronlarla hücum edildiyini göstərir.
“Bu doğru xəbərdir. Yayılan görüntülər onu təsdiqləyir ki, Azərbaycan ərazisinə dronlarla hücum olunub. Hələlik ziyan barədə çoxlu məlumatlar dolaşır, amma hücum faktı var. Bu, İran hakimiyyətinin indiyədək Azərbaycana qarşı atdığı ən ciddi addımlardan biridir”, – deyə o bildirib.
S.Soltan qeyd edib ki, bu addım xüsusilə İranın SEPAH kimi tanınan İnqilab Keşikçiləri Korpusunun Azərbaycana qarşı münasibətinin göstəricisi kimi qiymətləndirilə bilər.
“İran hakimiyyəti, xüsusən SEPAH bununla Azərbaycana qarşı nifrətini və kinini açıq şəkildə nümayiş etdirdi. Bu, Azərbaycanın yürüdüyü dinc qonşuluq siyasətinə, əməkdaşlıq siyasətinə, iqtisadi əlaqələrə, eləcə də dindaşlıq, qardaşlıq və qonşuluq prinsiplərinə vurulan zərbədir”, – deyə siyasi şərhçi bildirib.
Ekspertin sözlərinə görə, Tehran hakimiyyəti bu addımı ilə bütün mənalarda Azərbaycana yaxın olan bir ölkəyə zərbə vurmuş oldu.
“Tehran hakimiyyəti ən yaxın qonşusuna – həm mədəni, həm dini, həm də dil baxımından yaxın olan Azərbaycana zərbə endirdi və bu addımı ilə Azərbaycanı özündən uzaqlaşdırdı”, – deyə o qeyd edib.
S.Soltan bildirib ki, İran tərəfi əvvəllər İsrailə qarşı yönəlmiş bəyanatlar səsləndirib və İsrailin harada bazası olduğunu iddia etdikləri ərazilərə zərbə endirəcəklərini açıqlayıb.
“Ancaq Azərbaycan Prezidenti və ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazisindən İrana qarşı istifadə olunmayacaq və Azərbaycan İranın vurulması üçün plazdarm olmayacaq”, – deyə o əlavə edib.
Siyasi şərhçinin fikrincə, buna baxmayaraq İran daxilində xüsusilə anti-Azərbaycan mövqeyi ilə seçilən SEPAH belə bir addım ataraq Azərbaycana daha ağır zərbələr endirə biləcəyi mesajını göndərmək istəyib.
S.Soltan hesab edir ki, bu addım həm də Güney Azərbaycanda yaşayan türklərlə bağlı məsələlərə qarşı yönəlib.
“Azərbaycan 30 milyondan çox güney azərbaycanlı türklərin mədəni hüquqlarını daim müdafiə edib. İran hakimiyyəti isə buna qarşı çıxıb. Bu dron hücumu həm də Azərbaycanın bu mövqeyinə qarşı atılmış addım kimi qiymətləndirilə bilər və güney azərbaycanlılarla Azərbaycan Respublikası arasında münasibətləri pozmağa yönəlmiş cəhd kimi görünür”, – deyə o vurğulayıb.
Gülnaz Abdullazadə
