Erməni bloger Roman Baqdasaryan Birinci Qarabağ müharibəsi ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib. O, azərbaycanlıların Qarabağı itirməsində əsas səbəblərdən biri kimi Surət Hüseynovun fəaliyyətini göstərib və erməniləri keçmiş prezident Robert Köçəryanı qəhrəmanlaşdırmamağa çağırıb. Baqdasaryan deyib ki, əgər Surət Hüseynovun başı Gəncə qiyamına qarışmasaydı, azərbaycanlılar qalib gələrdilər.
Referans MEDİA-nın xəbərinə görə, Roman Baqdasaryan deyib ki, bir çoxları Köçəryan haqqında danışanda onun Birinci Qarabağ müharibəsində qalib gəldiyini, Paşinyanın isə məğlub olduğunu deyirlər: “Amma siz əminsiniz ki, biz Birinci Qarabağ müharibəsində qalib gəlmişdik? Gəlin sizə dəhşətli faktlar danışım, sonra özünüz qərar verərsiniz.
1993-cü il iyunun 1-də Qarabağ cəbhəsində vəziyyət çox ağır idi. Biz uduzurduq. Bəli, 1992-ci ildə Şuşanı tutduq, Laçın dəhlizi vasitəsilə Ermənistana yol açdıq, amma sonra uduzmağa başladıq. 1993-cü il iyunun 1-də Ağdərə rayonunun böyük hissəsi azərbaycanlıların nəzarətində idi. Təsəvvür edin, Şuşanı almışıq, Ermənistana çıxış əldə etmişik, amma Ağdərənin böyük hissəsini saxlaya bilmirik. Azərbaycan ordusu Xankəndiyə qədər gəlib çıxmışdı.
Necə oldu ki, biz bütün əraziləri itirmək üzrə idik, vəziyyətimiz ağır idi, amma təbliğat yazırdı ki, Robert Köçəryan, Samvel Babayan və əfsanəvi Mossi qəhrəmandır? Necə oldu ki, birdən-birə Ağdərəni, Ağdamı, Füzulini ələ keçirdik? Heç düşünmüsünüzmü, necə olur ki, iyunun 1-də panika içində uduzan tərəf bir neçə həftə sonra qalib gəlir?”.
Roman Baqdasaryan qiyamçı polkovnik Surət Hüseynov haqqında danışıb. O, deyib ki, Azərbaycanın Birinci Qarabağ müharibəsini uduzmasının əsas səbəbkarı Surət Hüseynovdur. Erməni bloger bildirib ki, Surət Hüseynov rəhbərlik etdiyi qoşunu Qarabağdan çıxarıb, Gəncəyə qiyama cəlb edib. Sonra isə o hərbi hissələr Bakıya istiqamətlənib. Beləliklə, cəbhədə mövqelər boşalıb:
“Təsəvvür edin, Azərbaycan ordusunun böyük hissəsi cəbhədən çıxarılıb Gəncəyə yönləndirilir. Yəni Azərbaycanda çevriliş başlayır və Gəncədə qiyam baş verir. Təkcə Gəncə yox, ətraf ərazilər də nəzarətə götürülür. Üstəlik, Surət Hüseynov Bakıya doğru hərəkət edir. Başqa sözlə, cəbhədən çıxarılan qoşunlar paytaxta istiqamətlənir. Həmin dövrdə Azərbaycanın prezidenti Əbülfəz Elçibəy idi. S.Hüseynov onun istefasını tələb edirdi. Azərbaycan qoşunları Qarabağdan çıxıb Bakıya yönələndə cəbhə faktiki boş qalır. Orada qalan qüvvələr isə ölkədə çevriliş getdiyinə görə bir-biri ilə döyüşürdü. Qalan qüvvələr artıq ermənilərə ciddi müqavimət göstərmək istəmirdi. Bunu hamı başa düşməlidir”.

Roman Baqdasaryan
Roman Baqdasaryan bildirib ki, Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy çevriliş səbəbindən doğulduğu Kələki kəndinə gedir:
“Bu, 17 iyun 1993-cü ildə baş verir. Eyni vaxtda Heydər Əliyev Naxçıvandan Bakıya gəlir.
1993-cü ilin yayında Azərbaycanda faktiki hakimiyyət böhranı yaşanırdı. Çevriliş gedirdi, qoşunlar Bakıya doğru hərəkət edirdi. Elçibəy kəndinə gedəndə, Heydər Əliyev isə Bakıya gələndə görün nə baş verir: 27 iyunda Azərbaycan qoşunlarının demək olar olmadığı bir vaxtda Qarabağın azərbaycanlı komandirləri Ağdərəni geri alırlar. Samvel Babayan və digərləri Ağdərəni belə azad etdilər?”
Bloger 44 günlük müharibə vaxtı olduqca maraqlı paralellər aparıb. Onun bu müqayisəsi erməniləri tam ifşa edir:
“44 günlük müharibə zamanı İlham Əliyevin komandası döyüşərkən, ermənilər kəndləri talayırdılar. Əliyev irəlilədikcə Hadrut erməniləri kəndlərini qoyub qaçırdılar. Təsəvvür edin, Hadrut rayonunda 30 kənd vardı və həmin kəndlərin heç biri uğrunda ciddi döyüş getmədi. Yeganə müqaviməti Tağavərd uğrunda göstərdilər. Hamısı bu idi. Azərbaycan Qarabağı həm də ona görə geri aldı ki, bizim tərəfdə çoxlu satqın var idi”./Globalinfo.az/
