İrana qarşı hərbi əməliyyatların başlaması Avropanı ağır enerji böhranı ilə üz-üzə qoyub. Hürmüz boğazının faktiki blokadaya alınması nəticəsində dünya mayeləşdirilmiş təbii qaz istehsalının 20%-ni təmin edən Qətər və Birləşmiş Ərəb Əmirliklərindəki zavodlar fəaliyyətini tamamilə dayandırıb.
Referans Media xəbər verir ki, bu barədə Fransanın “BFMTV” telekanalı məlumat yayıb.
Bildirilir ki, Asiya bazarında qazın qiymətinin ikiqat bahalaşması ABŞ tədarükçülərini marşrutu dəyişməyə vadar edib. Avropaya gedən LNG tankerlərinin 10%-i artıq Çin və Hindistan istiqamətinə yönəlib. Bu ölkələr qaz ehtiyaclarının böyük hissəsini məhz Qətərdən qarşıladıqları üçün hazırda daha həssas durumdadırlar.
Asiya və Avropa bazarları arasındakı qiymət fərqi kəskin artaraq 1 dollardan 5 dollara yüksəlib. Tankerlərin günlük icarə haqqının 50 min dollardan 300 min dollara qalxmasına baxmayaraq, yüksək qiymətlər ABŞ şirkətləri üçün Asiya marşrutunu daha gəlirli edir.
Mütəxəssislər xəbərdarlıq edir ki, yazın gəlişi ilə qaza tələbat azalsa da, münaqişənin uzanması Avropanın növbəti qış üçün anbarlarını doldurmasını qeyri-mümkün edə bilər.
Qeyd edək ki, yaranmış kritik vəziyyətdə ABŞ gözlənilməz addım ataraq, Rusiya neftinin alışına müvəqqəti icazə verib. Bəzi şərhçilərin fikrinə görə, bu yumşalma ABŞ-ın Rusiya nefti olmadan dünya enerji bazarında sabitliyin mümkünsüzlüyünü etiraf etməsi deməkdir.























