Xarici işlər naziri Abbas Əraqçi İran nümayəndə heyətinə rəhbərlik edərək ABŞ-la danışıqlarda vasitəçi olan tərəflərlə görüş keçirəcək.
Referans Media xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, məsləhətləşmələr zamanı tərəflərin son təklifləri və mövcud vəziyyətlə bağlı mövqeləri müzakirə olunacaq. Bildirilir ki, görüşdə ABŞ nümayəndələri iştirak etməyəcək.
Bu arada “Reuters” xəbər verir ki, vasitəçilər sentyabrın 28-29-da ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda məsləhətləşmələr aparacaq. Görüşlərin əsas mövzusunun Tehranın daha əvvəl təqdim etdiyi, Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutan yeddi günlük planın yenilənmiş variantı olacağı gözlənilir.
Agentliyin mənbələrinə görə, vasitəçilərin bazar ertəsi və ya çərşənbə axşamı ABŞ və İran tərəfləri ilə ayrı-ayrılıqda danışıqlar aparması planlaşdırılır.
Məlumata görə, BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Nyu-Yorka gələn İranın xarici işlər naziri Abbas Əraqçi hələ də ABŞ-dadır. Qətərli vasitəçilərin də ABŞ-da olduğu bildirilir.
Mənbələrin sözlərinə görə, danışıqlarda əsas diqqət İranın BMT Baş Assambleyasının tədbirləri çərçivəsində təqdim etdiyi yeddi günlük planın yenilənmiş variantına yönəldiləcək./Globalinfo.az
