Türkiyədə əhalinin yaşlanması ilə bağlı narahatlıq doğuran yeni statistika açıqlanıb. Rəcəb Tayyib Ərdoğanın tez-tez “fəlakət” kimi qiymətləndirdiyi doğum səviyyəsinin azalması fonunda, ölkədə yaşlı əhalinin payı sürətlə artır.
Referans Media xəbər verir ki, Cevdet Yılmaz bildirib ki, 2025-ci il üzrə aparılan təhlillərə əsasən, Türkiyənin 81 vilayətindən 62-də yaşlı əhalinin payı artıq 10%-i keçib. Bu isə yaşlanmanın artıq lokal deyil, ümummilli problemə çevrildiyini göstərir.
Məlumatlara görə, ölkədə yaşlı əhalinin payı:
2000-ci ildə – %5,7
2023-cü ildə – %10+
Bu göstərici ilə Türkiyə artıq “çox yaşlı ölkələr” kateqoriyasına daxil olub.
Proqnozlar isə daha ciddi mənzərə ortaya qoyur. Mövcud tendensiya davam edərsə 2030-cu ildə yaşlı əhali %13,5, 2100-cü ildə isə təxminən əhalinin üçdə birinə çatacaq.
Ekspertlər qeyd edir ki, doğum səviyyəsinin azalması, həyat şəraitinin yaxşılaşması və səhiyyədə inkişaf ölüm hallarını azaldaraq bu prosesi daha da sürətləndirir.
Digər diqqətçəkən məqam isə yaşlıların tək yaşaması ilə bağlıdır. Statistikaya görə, ən azı bir yaşlı şəxsin yaşadığı 7 milyondan çox ailənin təxminən 2 milyonu tək yaşayan yaşlılardan ibarətdir. Bu isə yaşlılıqda tənhalığın ciddi sosial problemə çevrildiyini göstərir.
Hökumət bu istiqamətdə yeni addımlar planlaşdırır. Uzunmüddətli baxım sığortası sisteminin tətbiqi, yeni qocalar evlərinin açılması və sosial xidmətlərin genişləndirilməsi əsas prioritetlər sırasındadır.























