Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu və komitənin 7 üzvünün sənədlərdə saxtakarlıq ittihamı ilə bağlı gözaltına alınması ölkə futbolunda gündəmi dəyişib.
Referans Media xəbər verir ki, 1 il əvvəlki Ali Koç açıqlaması diqqət çəkdibaş verənlərin ardından "Fənərbaxça"nın keçmiş prezidenti Ali Koçun təxminən bir il əvvəl Gündoğdu ilə bağlı səsləndirdiyi sərt fikirlər yenidən diqqət çəkib. Koç 17 sentyabr 2025-ci ildə “Alanyaspor”la 2:2 hesablı heç-heçədən sonra hakim qərarlarını tənqid edib və həmin dövrdə MHK sədri olan Ferhat Gündoğdu barədə diqqətçəkən açıqlamalar verib.
Ali Koç həmin çıxışında Gündoğdu ilə bağlı uzun müddətdir Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyinə xəbərdarlıq etdiyini bildirib.
O, belə deyib: “Uzun müddətdir cənab TFF sədrinə, MHK sədrinə onun kim olduğunu, nəyi təmsil etdiyini, hansı ideallara, ideologiyalara bağlı olduğunu anlatmağa çalışdım. Mənim qəlbim bu bədəndə döyündüyü müddətcə cənab Ferhat Gündoğdunun nə olduğunu, nəyi təmsil etdiyini bu və ya digər şəkildə bütün ölkə görəcək. Bu iş belə olmaz.”
Koç eyni çıxışında hakim qərarları ilə bağlı TFF rəhbərliyinə də müraciət edib. "Fənərbaxça"nın həmin dövrdə hakim idarəçiliyindən narazı olduğunu bildirən keçmiş prezident Gündoğdu ilə bağlı araşdırma aparılmasının vacibliyini vurğulayıb və mübarizəsini davam etdirəcəyini qeyd edib.
Ali Koçun çıxışında ən çox diqqət çəkən ifadələrdən biri isə Gündoğdu ilə bağlı “hesablaşma” açıqlaması olub. Koç həmin vaxt: “Mənim hesablaşmam indi başlayır”, – deyə bildirib.
Ferhat Gündoğdunun və MHK-nın digər 7 üzvünün gözaltına alınmasından sonra Koçun 2025-ci ilin sentyabrında səsləndirdiyi bu fikirlər yenidən Türkiyə mediasında və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Gündoğdu və digər şəxslərlə bağlı sənədlərdə saxtakarlıq ittihamları üzrə araşdırma davam edir. Gözaltına alınma faktı şəxslərin təqsirinin məhkəmə tərəfindən müəyyən edildiyi anlamına gəlmir. Hüquqi qiymət araşdırmanın nəticələrindən sonra veriləcək.
