Türkiyə millisində QAPIÇI QALMAQALI: Berke Özer niyə çağırılmır?

Türkiyə millisinin UEFA Millətlər Liqasında İtaliyaya 4:1 hesabı ilə məğlub olmasından sonra komandanın qapıçı seçimi yenidən müzakirə mövzusuna çevrilib.

Referans Media xəbər verir ki, Bursada keçirilən qarşılaşmada Altay Bayındırın İtaliyanın dördüncü qolundan əvvəl etdiyi səhv xüsusilə diqqət çəkib. Bundan sonra gözlər Fransanın “Lill” klubunda uğurlu çıxış edən Berke Özərə çevrilib.

Berke Özer niyə milli komandada yoxdur?

Berke Özerin milli komandadan kənarda qalmasının arxasında 2025-ci ilin oktyabrında yaşanan düşərgə qalmaqalı dayanır. 2026-cı il dünya çempionatının seçmə mərhələsində Bolqarıstanla oyun üçün heyətə daxil edilməyən qapıçı İstanbul dönüşündən sonra düşərgəni tərk edib. Həmin vaxt Türkiyə Futbol Federasiyası (TFF) Berke Özərin texniki və inzibati heyətin icazəsi olmadan düşərgədən ayrıldığını açıqlayıb. Berke Özer isə federasiyanın açıqlamasını təkzib edərək düşərgədən ayrılmaq qərarını texniki və inzibati heyətin məlumatı və icazəsi ilə verdiyini bildirib. Beləliklə, hadisənin necə baş verdiyi ilə bağlı tərəflərin açıqlamaları bir-biri ilə üst-üstə düşməyib.

O hadisədən sonra milli komandaya çağırılmadı

Yaşanan fikir ayrılığından sonra Berke Özer yenidən Türkiyə millisinin heyətinə dəvət almayıb. Baş məşqçi Vinçenso Montella son milli fasilədə qapıçı seçimində Altay Bayındır, Uğurcan Çakır, Muhammed Şengezer və Okan Kocukun xidmətindən yararlanıb. Berke Özer isə heyətdən kənarda qalıb.

“Lill”də AYIN FUTBOLÇUSU seçildi

Qapıçının milli komandaya çağırılmaması “Lille”dəki performansı fonunda daha çox diqqət çəkib. Berke Özer klub azarkeşlərinin keçirdiyi səsvermədə avqust ayının futbolçusu seçilib. Qapıçı mövsümün əvvəlindəki çıxışı ilə komandasının əsas oyunçularından birinə çevrilib. Xüsusilə “Lill”nin “Tuluza”nı 1:0 hesabı ilə məğlub etdiyi görüşdə Berke Özer diqqət çəkib. O, həmin matçda 9 seyv edərək komandasının qapısını toxunulmaz saxlamasına kömək edib.

İtaliya məğlubiyyətindən sonra gözlər yenidən Berkeyə çevrildi

Türkiyə millisinin İtaliyaya 4:1 hesabı ilə məğlub olması qapıçı seçimi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Altay Bayındırın xüsusilə İtaliyanın dördüncü qolundan əvvəlki epizodda etdiyi səhv fonunda “Lill”də müntəzəm oynayan Berke Özerin niyə milli komandaya çağırılmadığı sualı yenidən səsləndirilib. Berke Özerin növbəti milli fasilədə heyətə dəvət alıb-almayacağı isə baş məşqçi Vinçenso Montellanın qarşıdakı seçimindən sonra məlum olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki