Filippinlərdə neft emalı şirkəti olan “Petron Corp”, Yaxın Şərqdə gərginliyin artması fonunda pozulan təchizat zəncirini qorumaq məqsədilə Rusiyadan təxminən 2,48 milyon barel xam neft satın alıb.
Referans Media xəbər verir ki, “Philstar” qəzetinin yaydığı məlumata görə, şirkət bununla bağlı açıqlama verib.
Açıqlamada bildirilir ki, ABŞ və İsrailin İrana hücumları ilə başlayan münaqişə nəticəsində Hörmüz boğazı üzərindən təhlükəsiz daşınmanın mümkün olmaması bir sıra neft tədarüklərinin dayanmasına səbəb olub. Nəticədə, qısa müddətdə – təxminən 8 gün ərzində – 4 milyon barel xam neftə çıxış itirilib.
Şirkət bu şəraitdə Rusiyadan 2,48 milyon barel xam neft aldığını qeyd edib və vurğulayıb ki, bu addım adi tədarük strategiyasının bir hissəsi deyil, “məcburi və təcili tədbir” kimi həyata keçirilib.
Həmçinin bildirilib ki, sözügedən müqavilə hökumətin dəstəyi ilə bağlanıb və ölkənin enerji təhlükəsizliyini təmin etməyə xidmət edir. Alınan neft ehtiyatlarının iyun ayına qədər kifayət edəcəyi qeyd olunur. Əgər Yaxın Şərqdəki böhran davam edərsə və alternativ mənbələr tapılmazsa, Rusiyadan neft idxalının yenidən nəzərdən keçiriləcəyi vurğulanıb.
