Rusiyaəsilli bankir Vladimir Antonov Fransada saxlanılıb.
Referans Media xəbər verir ki, o, Litva və Latviyada iflas etmiş bankların əsas sahiblərindən biri kimi axtarışda olub və Avropada saxta sənədlərlə Ukrayna müharibəsindən qaçmış “qaçqın” kimi yaşayıb.
Antonov Baltik ölkələrində fəaliyyət göstərmiş, bir vaxtlar regionun ən iri maliyyə qurumlarından sayılan “Snoras” bankının həmtəsisçisi olub. Bank 2011-ci ildə təxminən 1 milyard avro məbləğində çatışmazlıq aşkar edildikdən sonra müflis elan edilib və ləğv olunub. Bu hadisə Litva və Latviyada minlərlə əmanətçinin ciddi maliyyə itkilərinə səbəb olub.
2024-cü ilin noyabrında Vilnüs məhkəməsi Antonovu və onun tərəfdaşı Raymon das Baranauskası qiyabi olaraq 10,5 il həbsə məhkum edib. Məhkəmə onları bank vəsaitlərinin mənimsənilməsi və digər ağır cinayətlərdə təqsirli bilərək, əmanətçilərə 375 milyon avrodan çox kompensasiya ödəməyi tapşırıb.
Antonov cinayət işi açıldıqdan sonra əvvəlcə Böyük Britaniyaya, daha sonra Rusiyaya qaçıb. Rusiyada da başqa bir bank işi üzrə 2,5 il həbs cəzası alıb. 2023-cü ildə isə Moskva yaxınlığındakı evindən müəmmalı şəkildə yoxa çıxıb və bir müddət ölü hesab olunub. Lakin 2025-ci ilin dekabrında onun Fransada sağ olduğu məlum olub.
Litva Baş Prokurorluğunun məlumatına görə, Antonov 9 dekabrda saxlanılıb və hazırda Avropa həbs orderi əsasında onun Litvaya ekstradisiyası prosedurları başlanıb. Latviya tərəfi də prosesə qoşulmaq imkanlarını nəzərdən keçirir.
“Snoras” qalmaqalı Baltik ölkələrinin bank tarixində ən böyük maliyyə fırıldaqlarından biri sayılır. Latviya törəmə bankı olan “Latvijas Krajbanka”nın iflası nəticəsində təkcə iri əmanətçilər deyil, bələdiyyələr, dövlət qurumları, məktəblər və xəstəxanalar da zərər görüb. Tanınmış bəstəkar, məşhur “Milliyonı milliyonı, milliyonı alıx roz” mahnısının müəllifi Raymond Pauls belə bu bankda təxminən 1 milyon avro itirib./musavat.com






















