30 min nəfər üzərində aparılan genişmiqyaslı araşdırma göstərib ki, həftədə cəmi bir neçə saat yardımsevər fəaliyyətlə məşğul olan insanların zehni yaşlanma sürəti 20 faizə qədər azalır. Tədqiqat “yaxşılıq etməyin” beyin üçün ən güclü gənclik mənbələrindən biri olduğunu sübut edib.
Referans Media xəbər verir ki, ABŞ-ın Texas və Massaçusets universitetlərinin alimləri tərəfindən aparılan yeni araşdırma beyin yaşlanmasını ləngidən gözlənilməz, eyni zamanda olduqca insani bir amili üzə çıxarıb — başqalarına kömək etmək.
Alimlər təxminən 20 il ərzində 50 yaşdan yuxarı 30 mindən çox insanın məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, mütəmadi olaraq könüllü fəaliyyətlərdə iştirak edən və ya ətrafındakı insanlara dəstək olan şəxslərin zehni yaşlanma sürəti yaşıdları ilə müqayisədə 15–20 faiz daha aşağıdır.
Mütəxəssislər bildirirlər ki, həftədə cəmi 2–4 saatını başqalarına kömək etməyə ayırmaq zehni sağlamlığın qorunması üçün ən optimal balansdır. Bu həddin aşılması isə fiziki və zehni yorğunluq yarada, faydanın təsirini azalda bilər.
Sosial alimlər yardımsevərliyin beyni niyə bu qədər gümrah saxladığını sosial ünsiyyət və zehni aktivliklə izah edirlər. Yalnızlığın zehni geriləməni sürətləndirdiyi məlum olduğu halda, birinə əl uzatmaq insanı sosial mühitin içində saxlayır və beynin aktiv işləməsinə şərait yaradır. Araşdırma eyni zamanda mühüm bir faktı da ortaya qoyub: yardım etmə vərdişi tərk edildikdə, zehni qabiliyyətlərdəki geriləmə sürəti qəfil artır.
Bu nəticələr yaşlı insanların yalnız yardıma ehtiyacı olan deyil, eyni zamanda cəmiyyətə töhfə verən aktiv fərdlər kimi qalmasının onların beyin sağlamlığı üçün nə qədər vacib olduğunu göstərir. Dünyada demensiya hallarının artdığı bir dövrdə, düzgün qidalanma və fiziki aktivliklə yanaşı, “yaxşılıq etməyin” də dəyişdirilə bilən risk amili kimi tövsiyələr siyahısına daxil edilməsi ehtimalı böyükdür.
Gülnaz Abdullazadə























