Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən sosial şəbəkələrdə, saytlarda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.
Mətbuat Şurası Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli qanuna edilən dəyişikliyi sosial şəbəkələrdə yeni dövrün başlanğıcı kimi qiymətləndirib:
“Qanuna edilən son dəyişikliklər Azərbaycan informasiya məkanında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu dəyişikliklər xüsusilə sosial şəbəkələrdə və internet platformalarında etik davranış qaydalarının hüquqi çərçivəyə salınmasını hədəfləyir.
Son illər rəqəmsal platformaların sürətli inkişafı fonunda cəmiyyətə açıq hörmətsizlik, əxlaqa zidd ifadələr və ictimai mənəviyyatı təhqir edən məzmunların yayılması artmışdı. Bu isə təkcə etik problem deyil, eyni zamanda sosial münasibətlərə, xüsusilə gənc nəslin dünyagörüşünə mənfi təsir göstərən amil kimi çıxış edirdi. Qanuna edilən dəyişikliklər bu boşluğu aradan qaldırmaqla onlayn mühitdə davranış standartlarını daha dəqiq müəyyənləşdirəcək.
Dəyişikliklərin əsas üstünlüklərindən biri milli və mənəvi dəyərlərin hüquqi müstəvidə qorunmasıdır. Azərbaycan cəmiyyətində ailə dəyərləri, ictimai əxlaq və qarşılıqlı hörmət əsas prinsiplər hesab olunur. Yeni tənzimləmələr bu prinsiplərin virtual məkanda da qorunmasına xidmət edir və real həyatla onlayn davranış arasında balansın yaradılmasını məqsəd qoyur.
Eyni zamanda, qanun sosial şəbəkə istifadəçilərində məsuliyyət hissini gücləndirir. Cəza mexanizmlərinin müəyyənləşdirilməsi ifadə azadlığının ləğvi deyil, onun etik və hüquqi çərçivədə həyata keçirilməsini təmin edən vasitə kimi çıxış edir. Bu yanaşma söz azadlığı ilə ictimai maraqlar arasında tarazlığın qorunmasına yönəlib.
Hesab edirəm ki, qanuna edilən dəyişikliklər informasiya mühitində nizam-intizamın gücləndirilməsi, etik normaların qorunması və sosial şəbəkələrdə daha mədəni ünsiyyət mühitinin yaradılması baxımından müsbət qiymətləndirilə bilər.























