Hörmüz boğazı bağlanır, dünya Bakıya baxır: Neftin qiyməti od tutub yanacaq!

Yaxın Şərqdə artan gərginlik və Hörmüz boğazı ətrafındakı risklər fonunda Yaponiyanın Azərbaycandan neft alması gündəm olsa da, iqtisadçılar bunun Azərbaycanın enerji bazarındakı mövqeyinə ciddi təsir göstərmədiyini bildirirlər. Ekspertlərin fikrincə, Azərbaycan neftinin alıcısının dəyişməsi ölkəyə əlavə üstünlük qazandırmır, əsas məsələ qlobal bazarda qiymətlərin artmasıdır.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Yaponiyanın Azərbaycandan neft alması iqtisadi baxımdan xüsusi əhəmiyyət daşımır:

“Azərbaycanın neftini satmaq problemi yoxdur. Azərbaycan indiyədək neftini İtaliya, İsrail, Türkiyə, Almaniya, Fransa və digər ölkələrə satırdı. Bu gün Yaponiyanın alması vəziyyəti dəyişmir. Neft bazarında əsas məsələ məhsulun kimə satılması deyil, qiymətin necə formalaşmasıdır. Bazara nə qədər çox neft çıxarılırsa, qiymət aşağı düşür.

Hazırda neftin qiyməti yüksəkdir. Bunun səbəbi isə Hörmüz boğazındakı problemlər fonunda bazarda təklifin azalmasıdır. Yaponiyanın Azərbaycandan neft alması müvəqqəti xarakter daşıyır. Sabah Hörmüz boğazında vəziyyət normallaşsa, yenidən əvvəlki bazarlara qayıdacaqlar. Bunun Azərbaycana əlavə iqtisadi üstünlüyü yoxdur”.

İqtisadçı qeyd edib ki, Azərbaycanın qlobal enerji bazarındakı payı da strateji təsir yaradacaq səviyyədə deyil:

“Hazırda dünyada gündəlik enerji ixracı təxminən 102-103 milyon bareldir. Azərbaycan isə gündəlik 400-450 min barel neft ixrac edir və bu həcm getdikcə azalır. Bu isə dünya bazarının təxminən 0,4 faizi deməkdir. Belə bir payla strateji üstünlükdən danışmaq mümkün deyil. Strateji təsir üçün bazarda ən azı 10 faizdən yuxarı pay olmalıdır.

Azərbaycan dünya bazarı üçün həlledici oyunçu deyil. Hazırda qiymətlərin yüksəlməsinin səbəbi tələbatın artması yox, təklifin azalmasıdır. Hörmüz boğazındakı risklər səbəbindən bazara çıxan neft həcmi azalıb. Bu isə qiymətləri artırır. Qiymət artdıqca Azərbaycan da daha çox gəlir əldə edir və Neft Fonduna daha çox vəsait daxil olur. Hazırkı vəziyyətin bizim üçün əsas müsbət tərəfi də məhz budur”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki