Marko Rubio Hörmüz boğazında həyata keçirilən “Azadlıq Layihəsi” əməliyyatı ilə bağlı açıqlama verib. O bildirib ki, əməliyyat çərçivəsində baş verən qarşıdurmalar nəticəsində 10 mülki dənizçi həyatını itirib.
Referans Media xəbər verir ki, ABŞ Dövlət katibi qeyd edib ki, əməliyyatın əsas məqsədi beynəlxalq sularda gəmilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Onun sözlərinə görə, bu müddət ərzində İrana məxsus 7 sürətli qayıq məhv edilib.
Rubio vurğulayıb ki, əməliyyat hücum xarakteri daşımır və müdafiə məqsədi ilə həyata keçirilir. O əlavə edib ki, İran tərəfindən atəş açılmadığı müddətdə ABŞ qüvvələri qarşılıq verməyəcək, lakin hər hansı hücum baş verərsə, buna dərhal cavab veriləcək.
ABŞ rəsmisi Hörmüz Boğazının heç bir ölkəyə məxsus olmadığını və bu strateji keçidin bağlanmasının qəbuledilməz olduğunu bildirib.
Eyni zamanda, Vaşinqton Tehrana çağırış edərək danışıqlar masasına qayıtmasını istəyib. Rubio qeyd edib ki, əks halda İrana sanksiyalardan yayınmağa kömək edən tərəflər də əlavə sanksiyalarla üzləşə bilər.
Son günlər bölgədə ABŞ və İran arasında qarşılıqlı ittihamların artması Hörmüz boğazında gərginliyin yüksəldiyini göstərir. Hadisələrin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
