İranın atəşkəsi pozacağına dair ilk siqnal gəlib. Məhəmməd Bağır Qalibaf bildirib ki, mövcud vəziyyətdə atəşkəs və yeni danışıqlar aparılması məntiqə uyğun deyil. Onun sözlərinə görə, ABŞ tərəflər arasında razılaşdırılmış 10 maddəlik atəşkəs planının üç əsas bəndini pozub və bu da razılaşmanın etibarlılığına ciddi zərbə vurub.
Referans Media xəbər verir ki, İran parlamentinin sədri qeyd edib ki, xüsusilə Livan ərazisində hücumların davam etməsi, İran hava məkanının pozulması və nüvə proqramı ilə bağlı təzyiqlər mövcud razılaşmanı faktiki olaraq mənasız hala gətirib.
Qalibafın sözlərinə görə, razılaşmanın əsas şərtlərindən biri regionda dərhal və hərtərəfli atəşkəsin təmin olunması idi. Lakin o bildirib ki, bu bəndə əməl edilməyib və xüsusilə Livanda hücumların davam etməsi razılaşmanın açıq şəkildə pozulmasıdır.
O həmçinin İran hava məkanının pozulduğunu iddia edərək, ölkə ərazisinə daxil olan pilotsuz uçuş aparatının Fars əyalətində vurulduğunu deyib. Qalibaf əlavə edib ki, razılaşmada nəzərdə tutulan İranın uranı zənginləşdirmək hüququnun da rədd edilməsi Tehran üçün qəbulolunmazdır.
İran parlamentinin sədri vurğulayıb ki, danışıqların başlanması üçün əsas hesab edilən sənəd hələ müzakirələr başlamadan pozulub. Buna görə də bu şərtlər altında ikitərəfli atəşkəs və ya yeni müzakirələrin aparılması məntiqsiz sayılır.
Bu açıqlama regionda gərginliyin yenidən artacağı ehtimallarını gücləndirib. İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, İsrailin Livana hücumları ABŞ ilə əldə olunan müvəqqəti atəşkəs razılaşmasını pozur və bundan sonra qərar vermək növbəsi Vaşinqtondadır.
ABŞ prezidenti Donald Tramp 28 fevralda başlayan qarşıdurmadan sonra tərəflərin müvəqqəti atəşkəsə razılaşdığını açıqlamışdı. Razılaşmaya görə, Hörmüz Boğazı açıq qalmalı və tərəflər 10 maddəlik plan əsasında danışıqları davam etdirməli idi.
Bununla yanaşı, İsrail rəhbərliyi Livan məsələsinin bu razılaşmaya daxil olmadığını bildirərək hücumların davam etdiriləcəyini açıqlayıb.




















