İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidenti Donald Trampın mümkün anlaşma ilə bağlı çağırışına münasibət bildirib. Araqçi qeyd edib ki, İran yalnız bərabərlik prinsipinə əsaslanan, təzyiq və təhdidlərdən uzaq bir razılaşmanı qəbul edə bilər.
Referans Media xəbər verir ki, Nazir sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İranın hər zaman qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabərhüquqlu nüvə sazişinə açıq olduğunu vurğulayıb.
Onun sözlərinə görə, belə bir razılaşma İranın dinc məqsədli nüvə texnologiyasına sahib olmaq hüququnu təmin etməli və eyni zamanda ölkənin nüvə silahı əldə etməyəcəyinə dair zəmanət verməlidir.
Araqçi bildirib ki, İranın təhlükəsizlik doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur və Tehran bu cür silahları əldə etməyə heç vaxt cəhd göstərməyib. Bununla yanaşı, o, İrana qarşı istənilən hücumun dərhal və qətiyyətlə cavablandırılacağını da qeyd edib.
