İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ-la olan məsələləri beynəlxalq çərçivədə həll etməyə hazır olduğunu bildirib.
Bu barədə məlumatı İran dövlət televiziyası yayıb.
Bildirilib ki, Prezident Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
İran lideri vəliəhd Məhəmməd bin Salmanla söhbətində qeyd edib ki, “İran və ABŞ arasındakı məsələləri beynəlxalq çərçivədə həll etməyə hazırıq”. O, bu prosesdə dost və qardaş ölkələrin dəstəyini məmnuniyyətlə qarşıladıqlarını vurğulayıb.
“Biz ABŞ və sionist rejimin İslam ölkələri arasında ayrılıq salmağa çalışdığına ciddi şəkildə inanırıq. İran isə regionda birliyi və sülhü möhkəmləndirməyə çalışır”, – deyə Pezeşkian əlavə edib.
Səudiyyə Ərəbistanının vəliəhdi bin Salman isə bildirib ki, ölkəsi əvvəldən İsrailin İrana qarşı fəaliyyətlərini qınayıb:
“Biz və bölgədəki digər ölkələr İran əleyhinə hər hansı bir hərbi əməliyyat üçün hava məkanımızı açmamışıq və açmayacağıq. Ölkələrimizdə yerləşən ABŞ bazalarından İrana qarşı heç bir hücum həyata keçirilməyib. İranın ABŞ hücumlarına cavab vermək zərurətini də anlayışla qarşılayırıq”.
Pezeşkian BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla danışığında isə bildirib ki, region ölkələri xarici müdaxilə olmadan birgə əməkdaşlıqla bölgəni sabit və firavan edə bilərlər.
“Biz BƏƏ xalqını və regionun digər ölkələrini öz qardaşlarımız kimi görürük. Bütün ölkələrin ərazi bütövlüyünə hörmət edirik və inanırıq ki, əməkdaşlıq, sabitlik və sülh mühitində, xarici müdaxilə olmadan bölgəmizi birlikdə inşa edə bilərik”, – deyə Pezeşkian qeyd edib.
Əl Nəhyan isə İran Prezidentinin yaxşı qonşuluq münasibətləri və əlaqələrin möhkəmləndirilməsi məqsədilə bu təşəbbüslə çıxış etməsini təqdir edib:
“Özünü müdafiə etmək bütün ölkələrin təbii hüququdur”.
Pakistan Baş naziri Şahbaz Şəriflə söhbətində Prezident Pezeşkian bildirib ki, düşmənlərin qurduğu oyunlar və fitnələr İran ilə Pakistan arasındakı dostluğu poza bilməz”.
Pakistanın Baş naziri isə bir daha İsrail və ABŞ-ın İran ərazisinə hücumlarını qınayıb:
“Ümid edirəm ki, əldə olunmuş atəşkəs qalıcı olacaq və problemlər dialoq və diplomatiya yolu ilə həll edilərək İran xalqının hüquqları təmin olunacaq”./Globalinfo.az