ABŞ və İran arasında son dəqiqədə əldə edilən iki həftəlik atəşkəs razılaşması çərçivəsində, Tehran Hörmüz Boğazını müvəqqəti olaraq yenidən açmağı qəbul edib. Anlaşmanın ardından regionda gərginlik davam edir, İsrailin prosesi təxribat edə biləcəyi qorxusu artır.
Referans Media xəbər verir ki, İran müzakirələrdə daimi atəşkəs təmin etmək üçün 10 maddəlik plan hazırlayıb. Plan Hörmüz Boğazında yeni nizam yaratmaq, İranın müttəfiqlərinə hücumları dayandırmaq və ABŞ qüvvələrinin Yaxın Şərqdən çıxmasını nəzərdə tutur.
Beynəlxalq ictimaiyyət, İsrailin mümkün müdaxiləsi səbəbindən atəşkəsin təhlükədə olduğunu diqqətlə izləyir. Eyni zamanda, Çin və Pakistanın mümkün bir İsrail hücumuna Tel-Əvivə qarşılıq verəcəyi iddiaları gündəmə gəlib.
Amerikalı jurnalist Cenk Uygur, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasətini tənqid edərək, “Xarici siyasət fəlakət idi. Rusiyanın və ABŞ-ın resursları tükənir, Çin isə qazanan tərəfdir” deyib. Uygur həmçinin İsrailin baş naziri Netanyahu ilə bağlı sərt fikirlər səsləndirib və ABŞ rəhbərliyinə dürüst bir liderin gəlməsinin vacibliyini vurğulayıb.





















