image-lubnan-a-kara-harekati-baslatan-israil-de-orduya-19664209_4175_mbackend

İsraildən qalmaqallı QƏRAR: Sərhəddə kəndləri yerlə-yeksan edəcək

İsrailin Livan ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar genişlənməkdə davam edir. Rəsmi məlumatlara görə, Tel-Əviv rəhbərliyi orduya sərhədə yaxın yaşayış məntəqələrinin dağıdılması ilə bağlı mübahisəli səlahiyyət verib.

Referans Media xəbər verir ki, İsrail ordusu Cənubi Livan ərazisində “Hizbullah”a qarşı bufer zonanı genişləndirmək məqsədilə quru əməliyyatlarına başlayıb. Ordudan verilən açıqlamada bildirilib ki, hücumlar əsasən strateji əhəmiyyət daşıyan nöqtələri hədəfə alır.

Məlumata görə, əməliyyat öncədən planlaşdırılıb və bölgəyə əlavə hərbi qüvvələr cəlb edilib. İsrail ordusunun 91-ci diviziyası cənub-şərq istiqamətində hücumlara başlayıb. Bundan əvvəl isə ərazi intensiv hava zərbələri və artilleriya atəşinə tutulub. Eyni zamanda 146-cı ehtiyat diviziyanın cənub-qərbdə yerləşdirildiyi, 36-cı diviziyanın isə müəyyən bölgələrdə reydlər keçirdiyi qeyd olunur.

İsrail dövlət televiziyası KAN-ın məlumatına əsasən, hökumət orduya sərhədə yaxın yaşayış məntəqələrini dağıtmaq səlahiyyəti verib. Bildirilir ki, bu addım həm “Hizbullah”a qarşı bufer zonanın genişləndirilməsi, həm də Livan hökumətinə təzyiq göstərmək məqsədi daşıyır.

Məlumatlarda o da qeyd olunur ki, sərhəd bölgələrində yaşayan mülki əhali kütləvi şəkildə öz evlərini tərk etməyə məcbur edilir. Dağıntılardan sonra həmin ərazilərin işğal edilərək burada İsrail hərbçilərinin yerləşdirilməsi planlaşdırılır.

Digər tərəfdən, “Hizbullah”ın da mümkün genişmiqyaslı quru əməliyyatlarına qarşı hazırlıq gördüyü bildirilir. Təşkilatın tank əleyhinə silahlardan istifadə, diversiya və qəfil hücum taktikasına üstünlük verəcəyi ehtimal olunur.

Livnan Səhiyyə Nazirliyi isə açıqlayıb ki, martın 2-dən bu yana İsrailin hücumları nəticəsində 886 nəfər həyatını itirib, 2141 nəfər yaralanıb. Eyni zamanda, rəsmi qurumlar hücumlar səbəbindən ölkədə 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini bildirir.

Qeyd edək ki, İsrail ordusu daha əvvəl Beyrut da daxil olmaqla ölkənin müxtəlif bölgələrinə hava və dənizdən zərbələr endirib. Hazırda isə quru əməliyyatlarının genişləndirilməsi regionda vəziyyəti daha da gərginləşdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki