image-trump-abd-iran-israil-2451782backend

İsrailin Livana hücumları İslamabad danışıqlarını sual altına salır

ABŞ və İran arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəsdən sonra tərəflər İslamabad şəhərində danışıqlara hazırlaşsa da, İsrailin Livana hücumları prosesi risk altına salır.

11 aprelə planlaşdırılan görüşdə İranı parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ-ni isə vitse-prezident Jeyms Devid Vens təmsil edəcək. Məqsəd müvəqqəti atəşkəsi qalıcı sülhə çevirməkdir.

Lakin tərəflər arasında ciddi fikir ayrılıqları qalır. Donald Tramp İran qarşısında 15 maddəlik sərt şərtlər irəli sürüb. İran isə bunu rədd edərək sanksiyaların ləğvi, təhlükəsizlik zəmanəti və nüvə proqramının tanınmasını tələb edən 10 maddəlik qarşı təklif təqdim edib.

ABŞ daxilində də ziddiyyətli açıqlamalar verilir. Tramp İranın təklifini “müzakirəyə açıq” saysa da, Ağ Ev və Vens bunu “qəbuledilməz” adlandırıb.

Əsas mübahisə mövzularından biri də atəşkəsin Livanı əhatə edib-etməməsidir. İran və bir sıra ölkələr bunu tələb etsə də, ABŞ və İsrail Livanın razılaşmaya daxil olmadığını bildirir. Benyamin Netanyahu də hücumların davamında israr edir.

İran tərəfi xəbərdarlıq edib ki, Livana hücumlar dayanmasa, danışıqlar mənasız olacaq və ləğv edilə bilər.

Beləliklə, İsrailin davam edən hücumları və ABŞ-dakı ziddiyyətli mövqelər İslamabad görüşlərinin taleyini qeyri-müəyyən edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki