Kəlbəcər rayonunun Başlıbel kəndində Başlıbel qətliamı qurbanlarının dəfn olunduğu məzarlığa gediş-gəlişi asanlaşdırmaq üçün təxminən 100 metr uzunluğunda asma körpü quraşdırıldığı barədə məlumat vermişdik. Bu gün isə sözügedən asma körpünün videogörüntülərini Musavat.com əldə edib. Asma kanat körpü yüksək keyfiyyətli və mühəndis dəqiqliyi ilə inşa edilmiş unikal bir mühəndis işidir. İşğaldan azad edilən rayonlarımız və kəndlərimizdə ilk belə bir körpüdür.
Başlıbel kənd sakini, Başlıbel qətlimaı şəhidinin övladı Qalib Əbdüləliyevin maliyyə dəstəyi ilə inşa edilən asma körpünün qətliam şəhidlərinin məzarlığına keçidi daha rahat və qısa yolla təmin etməsi məqsədilə qurulduğu bildirilir. Ərazinin relyefinin mürəkkəbliyi məzarlığı ziyarətə gedənlərə ciddi çətinliklər yaşatdığından asma körpünün qurulması zərurəti meydana gəlib.
Ziyarət edənlər yaxşı bilirlər ki, bu məzarlıq olduqca çətin dağlıq ərazidə yerləşir. İnşa olunan bu asma kanat körpü vasitəsilə həm şəhidlərimizin yaxınları, kənd sakinləri, həm də ziyarətə gələn ölkə vətəndaşları şəhidlərimizin uyuduğu müqəddəs məzarlığı rahatlıqla ziyarət edə biləcəklər.
Xatırladaq ki, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı erməni hərbi birləşmələri tərəfindən Başlıbel kəndində kəndi tərk etməyən və edə bilməyən sakinlərə qarşı dəhşətli soyqırım törədilib, onlara divan tutulub.
Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin şəhidlərin sağ qalan sakinlər tərəfindən gizli şəkildə dəfn olunduğu yerlər aşkar edilib. Ekshumasiya olunaraq DNT analizləri vasitəsilə şəxsiyyətləri dəqiqləşdirildikdən sonra onlar yenidən həmin ərazidə dəfn olunublar.
