Dələduzluqda təqsirləndirilən və istintaqdan yayınaraq beynəlxalq axtarışa verilən Əliağa Məzahir oğlu İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunur.
Azərbaycan Baş Prokurorluğunun Ukraynanın səlahiyyətli orqanlarına ünvanladığı ekstradisiya sorğusu və beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində təqdim edilmiş sənədlər əsasında Əliağa İsmayılovun Azərbaycan Respublikasına təhvil verilməsi barədə qərar qəbul edilib.
Məlumata görə, Əliağa İsmayılov Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaq zamanı toplanmış sübutlar əsasında onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş dələduzluq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar barəsində cinayət təqibi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Lakin Əliağa İsmayılov istintaq orqanından yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan sonra onun yerinin müəyyən edilməsi və saxlanılması məqsədilə İnterpolun Milli Mərkəzi Bürosunun xətti ilə beynəlxalq axtarış elan olunub.
Aparılan beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində Əlağa İsmayılovun Ukrayna ərazisində olduğu müəyyən edilib. Ukraynanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində onun saxlanılması təmin olunub və Azərbaycana ekstradisiyası ilə bağlı hüquqi prosedurlara başlanılıb.
Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun məlumatına görə, son bir il ərzində Ukrayna ərazisində müəyyən edilərək Azərbaycana təhvil verilməsi ilə bağlı qəbul olunmuş ekstradisiya qərarlarının sayı 7-yə çatıb.
Bu fakt iki ölkənin hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlığın davam etdiyini göstərir. Azərbaycan tərəfi xüsusilə istintaqdan yayınaraq xarici ölkələrdə gizlənən şəxslərin müəyyən edilməsi, saxlanılması və ölkəyə qaytarılması istiqamətində İnterpol və digər beynəlxalq tərəfdaşlarla birgə tədbirlər həyata keçirir.
Baş Prokurorluq bildirir ki, beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiyası istiqamətində xarici tərəfdaş hüquq-mühafizə orqanları, o cümlədən İnterpol ilə əməkdaşlıq bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Əliağa İsmayılovun Azərbaycana gətirilməsindən sonra onun barəsində aparılan cinayət işi üzrə prosessual tədbirlərin davam etdiriləcəyi gözlənilir.//Musavat.com
