Bəzən vətəndaşlar götürdükləri borcu və ya öhdəliyi vaxtında yerinə yetirmirlər. Bu halda qarşı tərəf gecikməyə görə əlavə pul tələb edə bilər. Bu əlavə məbləğ “dəbbə pulu” adlanır və əsas məqsədi kreditorun itkilərini qismən ödəməkdir.
Referans xəbər verir ki, İqtisadçı Ruslan Atakişiyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, dəbbə pulu – cərimə, penya, müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Onun sözlərinə görə, bu pulla bağlı ayrıca razılaşma da tərtib oluna bilər və tərəflər bu razılaşmanı imzalaya bilərlər:
“Dəbbə pulla bağlı müddətin və məbləğin müəyyənləşdirilməsi həmin qurum və təşkilatların tətbiq etdiyi məbləğlərin həcminə görə dəyişir. Əgər müddət nəzərdə tutulmayıbsa, dəbbə pulu istənilən vaxt tələb oluna bilər. Xüsusən də bu, kredit verildiyi zaman, o cümlədən istehlak kreditləri vasitəsilə avadanlıq və ya məişət əşyaları alındıqda gecikmələr baş verdiyi hallarda tətbiq olunur. Bu gecikmələrə görə məbləğ hesablanır”.
İqtisadçı qeyd edib ki, müştərinin ödəmə qabiliyyəti müəyyən edilərkən, əgər onun ödəniş etmək imkanı olmadığı aşkar edilərsə, məhkəməyə müraciət əsasında həmin cərimələr ləğv edilə bilər və müştəriyə yalnız götürdüyü əsas məbləği ödəmək imkanı verilə bilər.