Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Aleksey Qromov Ermənistana və Mərkəzi Asiya ölkələrinə hərbi təcavüzə çağırış edən telejurnalist Vladimir Solovlyovla bağlı qərar vermək səlahiyyətini öz üzərinə götürüb.
Referans Media xəbər verir ki, bu barədə Rusiya mediası yazır. Yəni belə anlaşılır ki, Kremlin baş təbliğatçısı ilə bağlı işlədiyi telekanal belə heç bir qərar verə bilməz.
Bəllidir ki, Solovyovun öz müəllif proqramındakı axmaq çıxışı Ermənistanda ciddi narazılıq doğurub, Rusiyanın bu ölkədəki səfirinə etiraz notası verilib. Özbəkistan da diplomatik kanallarla Moskvaya cəmiyyətin narazılığını çatırıb. Rusiya Xarici İşlər Nazirliyi isə Solovlyovun açıqlamasından “yuxarılara” şikayət edib, jurnalistin açıqlamalarının XİN-in və dövlətin siyasi kursuna zərər verildiyi bildirilib. Rusiya diplomatları özlərini müdafiə etməyə və teleaparıcının fikirlərinin Rusiyanın rəsmi mövqeyini əks etdirmədiyini vurğulamağa məcbur olublar.
Rusiyada bir çoxları Solovyovun radikallaşmasını və “qəribə davranışını” emosional tükənmə ilə əlaqələndirsə də, onun efirdən uzaqlaşdırılması yaxın gələcək üçün planlaşdırılmır. Mənbələr qeyd edir ki, Solovyovun getməsi anti-Rusiya qüvvələrinə qalmaqal yaratmaq üçün bəhanə verə bilər. Bundan əlavə, hazırda teleaparıcının əvəzedici yoxdur, buna görə də onun efirdən uzaqlaşdırılması gündəmdən çıxarılıb. Amma Rusiya Prezident Administrasiyası komponseasiya olaraq, xüsusilə Ermənistana diqqət yetirərək, qrant maliyyələşdirilməsi yolu ilə “yumşaq güc”ünün xaricdə genişlənməsini dəstəkləməyi planlaşdırır.
İlkin hesablamalara görə, layihənin büdcəsi təxminən 13 milyard rubl -165 milyon dollardır. Layihənin icrasına Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko nəzarət edəcək.
2025-ci ilin may ayında “Vedomosti” qəzeti Kiriyenkoya 2026-cı il parlament seçkilərindən əvvəl Ermənistanda “yumşaq güc” vasitəsilə Rusiyanın maraqlarını koordinasiya etmək tapşırıldığını bildirmişdi. RBC mənbələrinə görə, layihə doqquz MDB ölkəsində, eləcə də Afrikada və digər bölgələrdə həyata keçiriləcək, lakin 2026-cı ildə əsas diqqət Ermənistana yönələcək. Prezident Administrasiyasının maliyyələşdirilməsinə əlavə olaraq, layihəyə “Rossotrudniçestvo”, MDB İşləri üzrə Federal Agentlik və digər qurumların da cəlb edilməsi gözlənilir.
Layihənin Ermənistandakı potensial məqsədlərindən biri yayda planlaşdırılan seçkilərdən əvvəl baş nazir Nikol Paşinyana qarşı müxalifəti dəstəkləməkdir. Paşinyanın Rusiya ilə ikitərəfli münasibətləri davam etdirməsinə və 2025-ci ildə ölkəyə səfər etməsinə baxmayaraq, bir sıra rusiyalı şərhçilər onun siyasətini tənqid edərək Ermənistan hökumətində və xarici siyasətdə dəyişikliklərə ehtiyac olduğunu qeyd ediblər.
Son aylarda Rusiya və Kremlyönlü mənbələrdən Ermənistana qarşı dezinformasiyanın artdığı müşahidə olunur./Musavat.com























