Dünyanın ən varlı iş adamı İlon Mask yeni layihəsini təqdim edib. O, süni intellekt şirkəti “xAİ” tərəfindən yaradılan yeni onlayn ensiklopediya “Grokipedia”nı istifadəyə verib.
Referans.az xarici mediaya istinadən xəbər verir ki, Mask, “Grokipedia”nı “Wikipedia”dakı təbliğatdan təmizlənmiş” bir məlumat mənbəyi kimi təqdim edib.
Onun sözlərinə görə, platforma obyektiv və azad bilik paylaşımına xidmət edəcək. Bazar ertəsi istifadəyə verilən “Grokipedia” süni intellekt tərəfindən hazırlanmış 800 mindən çox məqalə ilə fəaliyyətə başlayıb.
Lakin sayt istifadəyə verildikdən dərhal sonra texniki problemlər yaşanıb və bir müddət giriş mümkün olmayıb. “The New York Times” yazır ki, platforma sadə dizayna malikdir və istifadəçilərə müxtəlif mövzular üzrə axtarış imkanı yaradır.
“Grokipedia”da artıq Donald Tramp və “OpenAI” kimi tanınmış şəxslər və şirkətlər haqqında yazılar mövcuddur. Massaçusetts Amherst Universitetinin tədqiqatçısı Rayan Mak Qradi bildirib ki, bu təşəbbüs Maskın media və məlumat axını üzərində nəzarət istəklərini əks etdirir: “Bilik üzərində nəzarət istəyi, bilik qədər qədim bir instinktdir”. “Grokipedia”da bəzi yazıların İlon Maskın şəxsi baxışları ilə üst-üstə düşdüyü diqqət çəkib.
Məsələn, platformada trans fərdlərə tibbi müdaxilələrin “məhdud elmi sübutlara əsaslandığı” qeyd olunur. Bu ifadə Maskın daha əvvəlki açıqlamaları ilə eyni məzmun daşıyır. “Wikipedia” isə eyni mövzuda elm dünyasında uzun illərdir qəbul olunmuş ortaq fikrə istinad edir.Yeni layihə ilə Mask, media və informasiya axınında “Wikipedia”ya birbaşa rəqabət yaratmağı hədəfləyir.
